İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Ander Erreyra danıılmış oyunda iştirak etdiyi üçün məhkəməyə verilib. Sportnet.az-ın məlumatına görə, Erreyra 2011-ci ildə İspaniya "Saraqosa"sında çıxış edərkən "Levante" ilə matçda danışılmış oyunun iştirakçısı olub.
25 yaşlı futbolçunun məhkəməsi martın 4-də baş tutacaq. Prokurorluq oyunun nəticəsinin əvvəlcədən saxtalaşdırılmasında 41 nəfərin günahkar olduğunu düşünür. Siyahıda hazırda Yaponiya yığmasının baş məşqçisi Xavyer Aqirre (2010/11 mövsümündə "Saraqosa"nı çalışdırıb) və həmin müddətdə sözügedən komandada çıxış edən "Atletiko Madrid"in yarımmüdafiəçisi Qabinin də adı yer alıb.
Günahları sübutə yetirilərsə, həmin şəxsləri 4 ilədək azadlıqdan məhrum etmə, idman yarışlarından diskvalifikasiya və böyük məbləğdə pul cəzası gözləyə bilər.
Qeyd edək ki, 2010/11 mövsümündə İspaniya La Liqasından aşağı dəstəyə düşmə təhlükəsi ilə üzləşən "Saraqosa" son oyunda "Levante" üzərində 2:1 hesablı qələbə qazanaraq 2 xal fərqi ilə "Departivo"nu qabaqlayıb.