Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Patrisiya Qonzales fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, Qonsales "affa.az"a açıqlamasında 1997/98-ci il təvəllüdlü futbolçuların iştirakı ilə bu il ilk oyunu keçirdiklərini söyləyib.
O deyib ki, heyətdə ötən il çıxış edənlərlə yanaşı, bu ildən komandaya qoşulan futbolçular da var. Əsas məqsədlərdən biri həmin futbolçular arasında qarşılıqlı anlaşmanın səviyyəsini yüksəltməkdir: "Futbolçuların qarşısında tələb qoymuşduq ki, məşqlərdə nümayiş etdirdiklərini oyun zamanı da göstərə bilsinlər və məncə, istəyimizə uyğun qarşılaşma izlədik. Bir sözlə, oyundan razı qaldım. Bütün oyunlar, ələlxüsus, beynəlxalq qarşılaşmalar bizim üçün çox vacibdir. Bu gün səhvlərimizi gördük, nəyin üzərində daha çox işləməli olduğumuzu müəyyənləşdirdik. Sentyabrda Avropa çempionatının seçmə mərhələsində keçirəcəyimiz oyunlara hazırlıq prosesində ilk addımımızı bu gün atdıq”.
Qeyd edək ki, yoldaşlıq görüşü millimizin qələbəsi ilə yekunlaşıb - 2:0.