
Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Portuqaliya yığması ilə qarşılaşıb. İtaliyalı FIFA referisi Marko Quidanın idarə etdiyi görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Portuqaliyalıların hücumları ilı başlayan oyunda hesab 26-cı dəqiqədə açılıb. Brunu Fernandeşin ideal ötürməsini Bernardu Silva qola çevirib. Cəmi 3 dəqiqə sonra Azər Salahlı hesabı bərabərləşdirməyə yaxın olsa da, yaxın məsafədən topu qapıya göndərə bilməyib. Əvəzində qonaqlar 31-ci dəqiqədə ikinci qolu vurublar. Bu dəfə Andre Silva adını tabloya yazdırıb. Hissənin sununcu dəqiqəsində Filip Ozobiç fərqi azaltmaq üçün əla fürsət yaxalayıb. Lakin yarımmüdafiəçi son anda topa toxuna bilməyib. İlk yarı qonaqların 2:0 hesablı qüstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra dəyişikliyə əl atan De Byazi Qara Qarayevlə Təmkin Xəlilzadənin yerinə meydana Əli Qurbani və Anatoli Nuriyevi buraxıb. Lakin bu əvəzetmə də nəticə verməyib. 75-ci dəqiqədə isə Portuqlaliya yığması Azərbaycan millisini 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Bu dəfə Diequ Jota fərqlənərək, matçda son nöqtəni qoyub.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 13-ə çatdıran Portuqaliya yığması A qrupunda ilk pilləyə yüksəlib. Azərbaycan isə 1 xalla sonuncudur.
-------------------------------------
Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 5-ci matçında Portuqaliya yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Görüşü italiyalı FIFA referisi Marko Quida idarə edəcək. Ona yan xətt hakimləri Filippo Meli, Alessandro Kostanzo köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Fabio Mareska yerinə yetirəcək.
Azərbaycan millisi oyuna ciddi itkilərlə çıxacaq. Maksim Medvedev və Rüstəm Əhmədzadə zədə, Anton Krivotsyuk isə cəza səbəbindən matçı buraxacaq. Qonaqlarda isə Kriştianu Ronaldu cəzalı olduğu üçün Bakıya gətirilməyib.
Bu qrupun digər oyununda Serbiya səfərdə İrlandiya ilə üz-üzə gələcək.
DÇ-2022, seçmə mərhələ
A qrupu
20:00. Azərbaycan - Portuqaliya - 0:3
Qollar: Bernardu Silva, 26, Andre Silva, 31, Diequ Jota, 75
Hakimlər: Marko Quida, Filippo Meli, Alessandro Kostanzo, Fabio Mareska (İtaliya)
VAR hakimləri: Marko Di Bello, Çiro Karbone (İtaliya)
Bakı Olimpiya Stadionu.
Xal durumu: Serbiya - 10, Portuqaliya - 10, Lüksemburq - 6, İrlandiya - 1, Azərbaycan - 1.