Azərbaycanda eyni klubun 15 il ərzində 4-cü dəfə adı dəyişdirilib.
Sportnet.az-ın məlumatına görə, mübarizəyə 1997-ci ildə "Xəzər Universiteti" adı ilə başlayan komanda "İnter" və "Keşlə" mərhələlərini keçdikdən sonra 2022-ci ildən "Şamaxı" adlanacaq.
"Xəzər Universiteti" 2004-cü ilədək eyniadlı universitetin adını daşıyıb. Bu müddətdə klub 2002/2003 mövsümündə Azərbaycan çempionatında bürünc medal qazanaraq, UEFA İntertoto Kubokuna vəsiqə qazanıb və hətta bir mərhələ keçməyə müvəffəq olub.
2004-cü ildə "Xəzər Universiteti"nin adı dəyişdirilib və klubun yeni himayədarı Azərbaycan Beynəlxalq Bankının adına uyğun olaraq, "İnter" adlandırılıb. Klub ən uğurlu illərini bu adla keçirib. 2007/2008 və 2009/2010 mövsümlərində ölkə çempionu olub. Klub eyni zamanda 2008/2009, 2013/2014 və 2014/2015 mövsümlərində gümüş, 2011/2012, 2012/2013 mövsümlərində bürünc medal qazanıb, 2011-ci ildə MDB və Baltikyanı ölkələrin Birlik Kubokunun qalibi olub.
2016-cı ildə klubun adı yenidən dəyişdirilib və bu dəfə "Keşlə" adlandırılıb. Komanda yeni adla iki dəfə - 2017/2018 və 2020/2021 mövsümlərində Azərbaycan Kubokunu qazanıb.
Müşahidə Şurasının qərarı ilə "Keşlə" 2022-ci ildən "Şamaxı" adlandırılacaq və ev oyunlarını yenicə istifadəyə verilmiş Şamaxı şəhər stadionunda keçirəcək.