"İkinci dəfə bu mükafatı qazanmaq xoşdur".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsi üzrə qaliblərin mükafatlandırılması mərasimində deyib.
Azərbaycanda ilin ən yaxşı əcnəbi oyunçusu seçilən 30 yaşlı yarımmüdafiəçi bildirib ki, bunun üçün xeyli əziyyət çəkib: "Bu, tək mənim yox, bütün komandanın uğurudur. Başda klub prezidenti, baş məşqçi olmaqla, sabiq kapitanımız Rəşad Sadıqovu da qeyd etmək istərdim. Bu kluba gələndə o mənim kapitanım olub. Həmin vaxt məni heç kim tanımırdı".
Təcrübəli oyunçu İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup oyununda vurduğu qolun qeydə alınmamasına da toxunub: "Həmin anda çaşqınlıq içində idim. Nə baş verdiyini anlamağa çalışırdım. Bütün hakimlərin görməməsini və qolun sayılmamasını ədalətsizlik hesab edirəm".
Bu gün keçiriləcək pley-off mərhələsinin püşkatması barədə də danışan Zubir əsas məqsədlərinin növbəti raunda adlamaq olduğunu söyləyib: "Rəqib bizim üçün o qədər də önəmli deyil. Yaxşı oyun göstərməliyik".