"Möhtəşəm görüş oldu. Klubumuza olan dəstəyini və inamını yenilədi və çox gözəl cümlə işlətdi ki, "Qarabağ" Azərbaycan futbolunun flaqmanıdır. Bildirdi ki, ölkəni tanıdan, başını uca edən klub sizsiniz. Bu, bizim üçün şərəf idi".
Sportnet.azn məlumatına görə, bu fikirləri "Qarabağ"ın prezidenti Tahir Gözəl Ağdam klubunun üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə danışarkən deyib.
Funksioner bildirib ki, ölkə başçısı görüş zamanı İsveçrədə "Bazel"ə qarşı keçirmiş UEFA Konfrans Liqasının qrup oyunundakı (0:3) hakim ədalətsizliyinə diqqət çəkib: "Bu hadisədən böyük təəssüf hissi yaşadığını və bu haqsızlıqla barışa bilmədiyini dilə gətirdi. Bizə dedi ki, bu qaydada işinizə davam etməlisiniz. Amma bu ədalətsizliyi qəbul etmək mümkün deyil. Hər zaman olduğu kimi bizi dəstəklədiyini və komandanın arxasında olduğunu söylədi. Dedi ki, Azərbaycan xalqı "Qarabağ"ın uğrularından xəbərdardır, yolunuza davam edin".
T.Gözəlin sözlərinə görə, görüşdən sonra "İmarət" stadionu ilə bağlı da söhbət olub: "Dövlət qurumlarına, gənclər və idman nazirinə tapşırıq verdi ki, arena ilə bağlı işlər davam etdirilsin. "Qarabağ"dan da məsləhət istədi. Söylədi ki, tələsməyin, oraları bərpa edəcəyik. "Qarabağ"ın Ağdamda oyunlar keçirməsini istədiyini vurğuladı. Çox sevindik və bu işə qoşulacağımızı bildirdik. Çox səmimi görüş oldu və bu, bizi ruhlandırdı".
Klub prezidenti UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatması barədə də fikirlərini bölüşüb: "Ən böyük arzum "Fənərbaxça" ilə qarşılaşmaqdır. Bu, mənim uşaqlıq xəyalımdır. Bəlkə iki qardaş ölkənin prezidenti yan-yana oturub oyunu izləyər. Ləyaqətli oynamağa davcam etsinlər. Yeni rekordlara imza atmaq istəyirik. "Ankaragücü" ilə də yaxşı münasibətlərimiz var. Çünki Ankarada yaşamışam. Bir futbolçumuzu bu komandaya icarəyə vermişik".