
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşmasında “Neftçi” “Qarabağ”ı qəbul edib. “Bakcell Arena”dakı görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın əvvəlləri qarşılıqlı hücumlar şəraitində keçsə də, Ağdam klubu 10-cu dəqiqədən sonra təşəbbüsü ələ alıb. Bunun məntiqi nəticəsi kimi, 5 dəqiqə sonra Abdullah Zubir meydan sahiblərinin 2 müdafiəçisini aldadaraq qapı isti qamətində zərbə endirib. Lakin İvan Brkiç fransalı yarımmüdafiəçinin fərqlənməsoinə imkan verməyib. 25-ci dəqiqədə matçda hesab açılıb. Kadi Borges uzaq məsagfədən qapını dəqiq nişan alıb. Ardınca müdafiəçilərin kobud səhvindən sonra Ramil Şeydayev qolkoiperlə təkbətək çıxsa da, fərqlənə bilməyib. “Qarabağ”ın çoxsaylı hücum cəhdlərinə baxmayaraq, ilk hissədə hesab dəyişməyib.
Fasilədən sonra da təzyiqini davam etdirən “köhlən atlar” 62-ci dəqiqədə fərqi artırıb. Borges özünün və komandasının ikinci qoluna imza atıb. Matçın sonlarına doğru fəallığını artıran “Neftçi” 82-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. “Ağ-qaralar”ın heyətində Mert Çelik adını tabloya yazdırıb. Paytaxt klubunun son dəqiqələrdəki çoxsaylı hücumlarına baxmayaraq, hesab dəyişməyib.
Bu qələbədən sonra xallarını 36-ya çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. “Neftçi” isə 22 xalla 4-cü sırada qalıb.
Qeyd edək ki, günün ilk oyununda "Zirə" səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəlib. Tura fevralın 8-də keçiriləcək "Sabah" - "Qəbələ" və "Səbail" - "Sumqayıt" görüşləri ilə yekun vurulacaq.
-------------------------------
Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb.
Sportnet.az-ın məlumatın görə, XV turun ilk oyununda "Keşlə" "Zirə"ni qəbul edib.
"ASK Arena"da keçirilmiş qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"ın qolunu 45-ci dəqiqədə Məhəmməd Hamdaui vurub. Bu qoldan 5 dəqiqə əvvəl meydan sahiblərinin kapitanı İlkin Qırtımov ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qələbə sayəsində xalını 25-ə çatdıran "Zirə" üçüncü pilləyə yüksəlib. "Keşlə" isə 14 xalla hələlik 6-cı sıradadır.
Qeyd edək ki, günün digər matçında son çempion "Neftçi" "Qarabağ"ı qəbul edəcək. Tura fevralın 8-də oynanılacaq "Sabah" - "Qəbələ" və "Səbail"- "Sumqayıt" qarşılaşmaları ilə yekun vurulacaq.
-------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq.
Sportnet.az-ın məlumatına görə, 2021/2022 mövsümünün ikinci yarısı XV turun 2 oyunu ilə start götürəcək.
Turun açılış matçında "Keşlə" "Zirə"ni qəbul edəcək. "ASK Arena"da İnqilab Məmmədovun idarə edəcəyi görüş saat 16:00-da başlayacaq. Hazırda meydan sahibləri 14 xalla 6-cı, qonaqlar isə 22 xalla 4-cü pillədə qərarlaşıb.
Komandalar indiyədək ölkə çempionatında 25 dəfə üz-üzə gəliblər. Bunların 6-da "Keşlə", 9-da "Zirə" qələbə qazanıb. 10 oyunda isə qalib müəyyənləşməyib. Topların nisbəti də "qartallar"ın xeyrinədir - 32:27. "Zirə" son 6 oyunda uduzmayıb. "Keşlə" isə üç matçdır rəqibinə qol vura bilmir.
Günün ikinci oyunu Azərbaycan derbisi ilə əlamətdar olacaq. Turun mərkəzi qarşılaşmasında 33 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" və 22 xalla 3-cü sırada yer alan "Neftçi" münasibətlərinə aydınlıq gətirəcək. "Bakcell Arena"dakı matç saat 19:00-da başlayacaq. Görüşü Kamal Umudlu idarə edəcək.
Ağdam klubunda zədəlilər Xayme Romero və Şahruddin Məhəmmədəliyevlə yanaşı, cəzalı olan Patrik Andrade də vacib oyunu buraxacaq. Paytaxt təmsilçisində isə yeganə itki qapıçı Aqil Məmmədovdur.
Bu, komandaların Premyer Liqadakı 86-cı dueli olacaq. İndiyədək baş tutmuş 85 qarşılaşmada "köhlən atlar" rəqibini 32 dəfə məğlub edib. 23 oyun "ağ-qaralar"ın xeyrinə başa çatıbsa, 30 oyun heç-heçə ilə yekunlaşıb. "Qarabağ"ın vurduğu 98 qola "Neftçi" 77 topla cavab verib. Son 6 matçda bərabərlik qeydə alınmayıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv son iki oyunda rəqibinə qalib gəlib.
Azərbaycan Premyer Liqası
XV tur
7 fevral (bazar ertəsi)
16:00. “Keşlə” – “Zirə” - 0:1
Qol: Məhəmməd Hamdaui, 45
Qırmızı vərəqə: İlkin Qırtımov, 39 (Keşlə)
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”.
19:00. “Neftçi” – “Qarabağ” - 1:2
Qollar: Mert Çelik, 82 - Kadi Borges, 25; 62
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”.
Qeyd edək ki, tura fevralın 8-də keçiriləcək "Sabah" - "Qəbələ" və "Səbail" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.