"Mircavadov "Neftçi"ni atıb "Xəzər Lənkəran"a gedən adamdır".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Forza Neftçi" azad azarkeş qrupunun rəhbəri Sübhan Əliyev AFFA Məşçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun bəzi futbolçuların "Neftçi"də oynamağa layiq olmadıqları barədə fikirlərinə münasibət bildirərkən deyib.
O, vaxtilə "ağ-qaralar"ın baş məşqçisi olmuş 75 yaşlı mütəxəssisi sadiq insan kimi tanımadığını söyləyib: "Bunu Ağasəlim müəllimin deməyinə gərək də yoxdur. Amma yenə də Azərbaycan futbolunda məşqçi olub. Onun kimi mütəxəssislər "Neftçi" üçün rəy bildirməsələr, daha gözəl olur. Özümüz hər şeyi görürük. Qış fasiləsində alınan futbolçulara ümidlərimiz böyükdür. İnanırıq ki, nəsə edə bilərlər. Hələlik gözləmə mövqeyindədyik".
Bu gün 13 yaşını qeyd edən "Forza Neftçi" haqqında da danışan Əliyev geridə qalan müddətdə bir çox çətinliklə üzləşdiklərini bildirib: "Yaşımız Premyer Liqada və I Dİvizonda təmsil olunan bəzi klubların yaşından çoxdur. Azarkeş qrupunun 13 yaşı var. Özümüz 20 ildir tribunalarda olan insanlarıq. Ölkı futboluna gətirdiyimiz əsas yenilik o olub ki, 6 min kilometrə yaxın yolu avtobusla gedib komandamıza dəstək olmuşuq. "Neftçi" üçün dəfələrlə həbsdə yatmışıq. Bu sevgini ürəyimizdən çıxara bilməyiblər. Şərfimizin üstündə yazıldığı kimi - "Bizi "Neftçi" birləşdirdi, ölüm ayırar. Komanda pisdirsə, biz də pisik. Yaxşıdırsa, biz də yaxşıyıq. Ad günümüz üçün ən yaxşı hədiyyə "Neftçi"nin çempionluğu olardı. Bizim üçün ümid hər zaman var. Amma çox çətin olacaq. Buna baxmayaraq, komandaya inanırıq".
Qeyd edək ki, "Forza Neftçi"nin üzvləri əlamətdar gündə Vətən uğrunda canından keçmiş şəhidlərin və paytaxt klubunun əfsanəvi futbolçusu Anatoli Banişevskinin qəbrini ziyarət edib.