"Qarabağ" bu turnirdə topa ən çox sahib olan komandadır".
Sportnet.az-ın məlumatına görə, bunu Fransanın "Marsel" klubunun baş məşqçisi Xorxe Sampaoli evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
Argentinalı mütəxəssis sabahkı matçda əsas hədəflərinin qələbə qazanmaq olduğunu bildirib: "Məqsəd yeni turnirlə tanış olmaq, hədəfimiz isə qalib gəlməkdir. Konfrans Liqasında və Liqa 1-də nə qədər irəli gedə biləcəyimizi görmək istəyirik. Ən yaxşı oyunçular təkcə sabah deyil, bazar günü "Klermon"a qarşı da oynayacaqlar".
62 yaşlı baş məşqçi sıx qrafik dövrünə qədəm qoyduqlarını söyləyib: "Bütün tapşırıqları yerinə yetirmək üçün rotasiyalar etməliyik. Futbolçularımız oynamağa hazırdır və biz hamıya eyni dərəcədə diqqət yetiririk".
Sampaoli 37 yaşlı qapıçı Stiv Mandandanın meydana çıxmağa hazır olduğunu vurğulayıb: "Təcrübəli qolkiper bu gərgin qrafikdə yararlana biləcəyimiz oyunçulardandır".
O, fevralın 24-də Bakıda baş tutacaq cavab görüşünə də toxunub: Bu, hər kəs üçün təcrübə olacaq. Evdə bu cür matçlara öyrəşmiş komanda ilə oynamaq asan olmayacaq, İki qarşılaşma arasında vaxtrın az olması böyük çətinlik yaradacaq".
Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.