"Hər matçın öz tarixçəsi olur və biz buraya baxımlı oyun sərgiləməyə gəlmişik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges Fransada "Marsel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
Braziliyalı yarımmüdafiəçi matça hazır olduqlarını bildirib: "Yaxşı oyun sərgiləmək üçün hər cür imkanımız var. Meydanda öz oyunumuzu göstərməyə çalışacağıq. Hər gün bunun üzərində işləyirik".
26 yaşlı oyunçunun sözlərinə görə, avrokuboklarda çıxış etmək unikal hissdir: "Matçlardan öncə səslənən musiqi, böyük klublara və futbolçulara qarşı oynamaq, bunları sözlə ifadə etmək olmur. Öz arzumu həyata keçirirəm. Bu cür qarşılaşmalarda futbolçu kimi daha çox inkişaf edirsən".
Borges "Qarabağ" komandası ilə ilk tanışlığı zamanı təəccübləndiyini gizlətməyib: "Biz klub yox, ailəyik. İşlərimiz yaxşı getsə, məqsədlərimizə çatacağıq".
Qeyd edək ki, bu gün "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.