
"Olduqca vacib qələbə qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis görüşün gərgin keçdiyini bildirib: "Komandamın çıxışı xoşuma gəldi. Bəlkə də çempionatın ən əzmkar komandasına qarşı oynadıq. Matçın ilk hissəsi meydanın mərkəzində keçdi. İkinci yarı isə bizim üçün daha yaxşı alındı"
Sadıqov meydanda mübarizə aparan bütün futbolçuların qəhrəman olduğunu söyləyib: "Hamısının qələbədə rolu var. Hamidu Keyta tam hazır deyil. Buna baxmayaraq xarakter göstərir, sonadək mübarizə aparır. Bu, məni sevindirməyə bilməz O, həm hücumda, həm də yarımmüdafiənin cinahında effektivdir. Bura gələndə əsas mövqeyinin sol cinah olduğunu dedi. Ona bildirdim ki, səbrli ol. Davit Volkovu misal çəkdim. O da əvvəllər cinahda oynayırdı. Keytadan 2-3 mövqedə rahatlıqla istifadə edə bilərik".
O, Ağabala Ramazanovun Keytanın gəlişindən narahat olmadığını söyləyib: "Ağabala bizim kapitanımızdır. Keçən mövsüm çətinliklərimiz olmuşdu. Rəqibə, oyuna görə dəyişikliklərimiz olacaq. Rotasiyalar sona qədər davam edəcək. 5 hücumameyilli oyunçumuz var. Zədə və cəzalardan sığortalanmamışıq. Hamının oynamaq imkanı olacaq".
Sadıqov ikinci hissədə Davit Volkovun sürətindən istifadə etmək üçün gürcüstanlı hücumçunu sağ cinaha çəkdiyini vurğulayıb: "Bu da öz nəticəsini verdi. Bu gün alınmasa belə, bu hücum variantı ağlımda var. Məşqlərdə də bunları təkrarlayırıq kii, hər bir futbolçu komanda yoldaşını əvəz etməyi bacarsın. Heyət dəyişilməz olanda bir itkinin böyük təsiri olur. Bunu nəzərə almağa məcburuq. Çünki ilk dövrədə itkilərimiz var idi və problem yaşayırdıq".
Baş məşqçi heyətin geniş olmasının problem yaratmadığını əlavə edib: "Həmişə bildiklərimi eləməyə çalışmışam. 3-4 gündən bir oyunlarımız var. Rəqiblər bizi analiz edirlər, bəzən oynamağa imkan vermirlər. Buna görə rotasiyalara ehtiyacımız var".