Futbol üzrə Türkiyə Super Liqasında XXVI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkən "Qalatasaray" "Göztepe"nin qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2.
Matçda hesabı erkən qolla "Cim-Bom" açıb. 3-cü dəqiqədə Viktor Nelsson fərqlənib. İlk hissənin əsas vaxtına əlavə olunmuş birinci dəqiqədə meydan sahiblərinin heyətində Şerif Ndiaye penaltidən tarazlığı bərpa edib. Seneqallı hücumçu 70-ci dəqiqədə növbəti dəfə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək, komandasını hesabda önə keçirib. Qonaqlara qələbə qazandıran qolları isə yeni transfer Bafetimbi Qomis vurub. 85-ci və 90+9-cu dəqiqələrdə penaltidən rəqib qapısına yol tapan fransalı forvard komandasına 3 xal qazandırıb.
Bu nəticədən sonra xallarını 32-yə çatdıran "Qalatasaray" 13-cü pilləyə yüksəlib. 27 xalı olan "Göztepe" isə 16-cıdır.