"Oyun kənardan rahat görsənə bilər, amma nələr çəkdiyimizi Allah bilir".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur oyunundan sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis bildirib ki, qol vurmadıqca futbolçularda tələskənlik görsənirdi: "Bundan əlavə bizdə də həyacan artırdı. Futboçular qələbə istəyini saxladılar. Təmkini saxlamaq və panikaya düşməmək vacibdir. Futbolçular bunu göstərdi. Onları təbrik edirəm".
Abasov heç bir oyunçunu xüsusi qeyd etmək istəmədiyini vurğulayıb: "Onları anlayıram. Bəziləri uyğunlaşma dövrü keçirlər. Əsas odur ki, məşqlərdə və oyunlarda özlərini göstərməyə çalışırlar, istəklidirlər".
Abasov Ramon Maçadonun start heyətdə meydana çıxmamasına da toxunub: "Sizcə, Maçado bizim üçün yararlıdır? Daha əvvəl deyirdiniz ki, o, “Neftçi”yə yararsızdır. İki həftə əvvəl səbr etmək olmazdı? Tiaqo da ondan geri qalmır. Əvvəl də məşqçi pis olurdu, indi də. Komandada balansı qorumaq çox önəmlidir. Bu gün Maçado oynamasa belə, bunu anlayışla qəbul edəcək. Tiaqonu da komanda ruhunda saxlamaq önəmlidir. Ümumiyyətlə, çempionatımızda onun kimi oyunçu yoxdur. Heç kim bizdən inciməsin. Bizim yalnız öz oyunlarımız önəmlidir. İlk “4-lük”dəki komandalarla qarşılaşanda stressə düşməməliyik. Sabah "Qarabağ" - "Qəbələ" matçında hansı nəticə qeydə alınsa, qazanan biz olacağıq".
Mütəxəssis Xəyal Nəcəfovun zədə səbəbindən fasilədə əvəzləndiyini söyləyib: "Ayağına zərbə aldı. Vəziyyəti yaxşı deyil. Ola bilər, onu uzun müddətə itirək. Sosial şəbəkə istifadəçilərindən heyət qurmalarını istəsək, hərəsi fərqli komanda quracaq. Əsas odur, biz nə fikirləşirik".
Abasov son olaraq Ukraynada çıxış edən azərbaycanlı futbolçularla maraqlanmadıqlarını diqqətə çatdırıb: "Bununla bağlı söhbət getmir. Tezliklə müharibənin bitməsini arzulayırıq. Heç bir futbolçu ilə danışıq olmayıb. Belə fikrimiz də yoxdur".