İtaliya "İnter"i tezliklə baş məşqçisi Simone İnzagi ilə müqavilənin müddətini uzadacaq.
Sportnet.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, tərəflər arasında imzalanacaq yeni sözləşmə 2024-cü ilin yayınadək nəzərdə tutulub. Anlaşmaya əsasən, komanda uğurlu çıxış edəcəyi halda, müddət sonradan daha 1 il artırıla bilər.
Qeyd edək ki, 2021-ci ilin yayında "İnter"in sükanı arxasına keçən Simone İnzagi 2 illik müqaviləyə imza atıb. Komandanın nəticələri klubun prezidenti Stiven Çjanı razı saldığından, çinli iş adamı 46 yaşlı mütəxəssisə yeni sözləşmə təklif edəcək. Onun İnzagi ilə yaxşı münasibətlərinin olduğu iddia edilir.