Ukrayna millisinin və Kiyev "Dinamo"sunun əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev Rusiya yığmasının keçmiş kapitanı Roman Şirokovun müharibədə ölkəsinin hücumunu dəstəkləyən açıqlamasına münasibət bildirib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, Əliyev Şirokovu uzunqulaq adlandırıb.
37 yaşlı sabiq yarımmüdafiəçinin fikrincə, rusiyalı keçmiş oyunçunun belə açıqlamalar verməsi alçaqlıqdır: "Kaş alçaq burada olaydı. O, insanların deyib-güldüyü məkanlara, restoranlara gedir, maşınla rahat gəzir. Burada uşaqlarımız, qızlarımız, həyat yoldaşlarımız və analarımımızın başına nələrin gəldiyini, sadə insanların öldüyünü görsəydi, bu alçağın ürəyi dayanar və yerindən qopardı".
Əliyev Şirokovun cavabını təkbətək söhbətdə verəcəyini də vurğulayıb: "Eybi yox, həyat belədir, dairəvidir. Düşünürəm ki, tezliklə bu alçağı haradasa görəcəyəm. Onunla özüm haqq-hesab çəkəcəyəm. Çünki rahat oturub danışan insanlara nifrət edirəm. Başa düşürəm ki, Rusiya telekanallarında onlar tam başqa şeylər görürlər. Amma bura tam cəhənnəmdir".