Rusiya Futbol ittifaqı (RFS) milli komandanın baş məşqçisi Valeri Karpinlə müqavilənin müddətini uzadıb.
Sportnet.az RFS-in rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis 2022-ci ilin sonunadək yığmanın sükanı arxasında qalacaq.
Karpin millidəki işini davam etdirəcəyi üçün xoşbəxt olduğunu bildirib: "Ümid edirəm ki, futbolumuz tezliklə beynəlxalq arenaya qayıdacaq və biz rəsmi matçlarda iştirak edə biləcəyik".
Təcrübəli mütəxəssis həmçinin "Rostov" klubunun baş məşqçisi təyin olunub. Müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Qeyd edək ki, 2021-ci ilin iyulunda Rusiya millisinin sükanı arxasına keçən Valeri Karpin bu vəzifədə Stanislav Çerçesovu əvəzləyib. Yığma onun rəhbərliyi altında DÇ-2022-yə vəsiqə uğrunda pley-off oyunlarında iştirak hüququ qazansa da, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən FIFA və UEFA milli komandanı beynəlxalq turnirlərdən kənarlaşdırıb.