
"Ümumiyyətlə, limitin qəti əleyhinəyəm, amma qərar budursa, başqa yolumuz yoxdur".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIX tur matçından sonra deyib.
44 yaşlı mütəxəsiss meydanda sonadək gərginlik hiss olunduğunu bildirib: "Bu gün rəqib də yaxşı mübarizə apardı və bizə çox sayda problem yaratdı. Müdafiədə yaxşı oynayır, bizə imkan vermirdilər. Önəmli olan qələbə qazanmaqdır. Seriyamızı davam etdirmək istəyirik. Uşaqlar da əziyyət çəkdilər. Yolumuza davam edəcəyik".
Abasov komandasının meydana arxayın çıxmadığını söyləyib: "Biz buna imkan vermərik. "Sumqayıt"la aramızdakı keçmiş oyunlar çox şişirdilib. Qol vurduq, dərhal da buraxdıq. Son vuruşlar yaxşı olsaydı, bəlkə də, birinci hissədə oyunun taleyini həll edərdik".
Baş məşqçi qapıçı Kamran İbrahimovun qol buraxdığı epizodu da şərh edib: "Sabah ona ehtiyacımız ola bilər. Təbii ki, səhvi deyiləcək, göstəriləcək. Kamran yerli qapıçıdır, limitdən istifadə edirik. Bu səhvin üstünə getmək fikrimiz yoxdur".
O, Azər Əliyevin yerli statusda çıxış etməsi ilə bağlı işlərin getdiyini vurğulayıb: "Baş məşqçi kimi bunun tez həllini tapmasını istəyirəm. Rəhbərlik bu suala daha yaxşı cavab verər".