Mahir Emrelinin Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə martın 20-də “Slaven”lə matçda iştirak etməməsinin və Azərbaycan millisinə çağırılmamasının səbəbi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun baş məşqçisi Jelko Kopiç açıqlamasında bildirib.
O deyib ki, Emreli martın 12-də “Xayduk”la səfər matçında zədələnib: “Emreli bizə hazırlıqsız gəlmişdi və koronavirusun ağır formasını keçmişdi. İlk vaxtlar oynamamasının səbəbi də bu idi. “Xayduk”la görüşdə baş verənləri sizə danışacağam. Məşqdə yaxşı idi, Polyuddakı matçda onu start heyətinə saldım. Ancaq ilk qaçışda əzələsində ağrı hiss edib. Matç ərzində heç nə ilə yadda qalmasa da, oynamağa davam edib. Biz yalnız sonradan onun əzələsinin yırtıldığını öyrəndik”.
Baş məşqçi əlavə edib ki, Mahir zədələnsə də, bunu onlara deməyib: “Mahirdən soruşanda ki, zədəni niyə demədin? Cavabında söylədi ki, komandanı gücləndirmək üçün gəlmişəm və məndən çox şey gözlədiyinizi bilirəm. Bu görüş derbi matçı idi, stadion da dolu idi. Mahir də buna görə kömək etmək istədiyini dedi”.
Qeyd edək ki, Mahir Emreli “Xayduk”la qarşılaşmanın 56-cı dəqiqəsində Marko Toliçlə əvəzlənib.