UEFA İntizam Komitəsi "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Macarıstan "Ferentsvaroş"u ilə oyunda azarkeşləri irqçi hərəkətlərə yol vermiş Slovakiya "Slovan"ını cəzalandırıb.
Sportnet.az xəbər verir ki, Budapeştdə keçirilmiş II təsnifat mərhələsinin ilk matçında Bratislava təmsilçisi fanatlarının davranışı üzündən 40 min avro məbləğində cərimələnib.
Həmçinin, Slovakiya klubu azarkeşlərinin meydana yad əşyalar atması səbəbindən 25 min avro, pirotexniki vasitələrdən istifadəyə görə 13 min avro cərimə ödəməli olacaq.
Bundan başqa, "Slovan" 11 avqustda Yunanıstan "Olimpiakos"u ilə evdə keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçında C tribunasına azarkeş buraxa bilməyəcək. Həmin sektorda UEFA-nın emblemi və #NoToRacism sözü yazılmış şüar yer alacaq. Afinadakı matçda da qonaq sektoruna slovakiyalı azarkeşlər buraxılmayacaq. Bu hal bir daha təkrarlanacağı halda, "Slovan" azarkeşləri 2 il müddətinə heç bir səfər görüşlərinə buraxılmayacaq.
Qeyd edək ki, sözügedən görüşdə qonaq komanda 2:1 hesabı ilə qalib gəlsə də, "Ferentsvaroş" Bratislavada "Slovan"ı əlavə vaxtda 4:1 hesabı ilə məğlub etməklə "Qarabağ"a rəqib olub.