Ağa DADAŞZADƏ
23 avqust "Qarabağ" klubu üçün ikiqat əlamətdar gün idi. Klub prezidenti Tahir Gözəlin 50 yaşı tamam olurdu. Yubileyini Çexiyanın Plzen şəhərində keçirən Tahir Gözəl ad gününə qələbə hədiyyəsi gözləyirdi. Çünki 20 ilə yaxındır rəhbərlik etdiyi "Qarabağ" həmin günün axşamı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə "Viktoriya"nın qonağı idi. Azərbaycan çempionu səfərə media mənsublarını aparmadığından, oradakı təəsuratlardan xəbərsizik. Lakin Bakıdakı 0:0 hesablı görüşdən sonra jurnalistlərin suallarını cavablandıran T.Gözəl "Çempionlar Liqasının qrupuna düşəcəyimizə 80 faiz inanıram" demişdi. Bu söz mənə ümid verirdi, bəlkə tək mənə yox, bir çoxlarına...
Ancaq rəqibdən gözüm "su içmirdi". Olduqca kompakt, müdafiəyə meylli, hiylələrlə dolu oyun nümayiş etdirirdi. Hər kəs düşündü ki, "Viktoriya" bu cür oyunun davamını Çexiyadada gətirəcək, amma əksi oldu.
"Viktoriya" oyuna sürətli hücumlarla başladı, uzun öturmələrin dəqiqliyi, "ikinci mərtəbə"dəki baxımlı oyun quruculuğu bizim üçün həyəcan təbili çaldı. Bəli, bizim üçün, Bədavi Hüseynov və Bəhlul Mustafazadə üçün yox. 25 yaşlı ucaboylu Bəhlul o qədər həyəcanlı idi ki, topu uzaqlaşdıran zaman ayaqları əsirdi. Bədavidən ümumiyyətlə danışmayaq, insan günü-gündən geriləyir. Bu yerdə Kevin Medina yadıma düşdü. Demə, legionerimiz müdafiənin təəssübünü tək çəkirmiş. Lakin Filip Ozobiçin ilk hissədə vurduğu möhtəşəm qol bizə həyat verdi.
Dediklərim qərəz deyil. "Qarabağ" komanda şəklində pley-off mərhələsinə qədər şərəfli yol gəldi. Futbolçular potensialı çatan qədər yaxşı mübarizə apardılar. Amma bu, əsl final idi. 5 ildən sonra bizə Çempionlar Liqasının həyəcanını yaşada biləcək final! Nəzərə alsaq ki, UEFA-nın əvvəlki qaydalarına əsasən 6 il öncə "Qarabağ"ı elə bu rəqib Plzendə 0:0, Bakıda 1:1 hesablı heç-heçəyə görə üstələmişdi, bu amil də oyunun final görüşü kimi vacib olduğunu sübut edirdi.
Qayıdaq oyuna. Bəli, "Qarabağ" ən gözəl sözlərə layiqdir, öyrəşdirdiyi azarkeşlər ondan yalnız qələbə istəyir və haqlarıdır da. Etiraf edək ki, "Viktoriya" nə "Lex" idi, nə də "Sürix".
Futbolçularımızın səviyyəsi bu oyunda məlum oldu. Qırılma nöqtəsi bir tərəfdən haqlı, o biri tərəfdən nahaq idi.
Nahaq tərəfi budur ki, rəqib ilk oyununda qarşımızda mənəvi cəhətdən məğlub durumda idi. O "Viktoriya" ki, soyunub-geyinmə otağında heç-heçəni qələbətək bayram edirdi.
Haqlı tərəf nə idi? Biri elə Toral Bayramov. Oyundan 2 gün öncə onu guya "Qalatasaray" transfer etmək istəyir" xəbəri gənc futbolçunu eyforiyaya qərq etdi. Onsuz da hər il 4-5 futbolçumuzu oralara "transfer" edirik, biri də bu oldu. Özü də ən vacib oyun ərəfəsində.
Oyun boyu ağlında "1001 taktika" yaradan Bayramov, bilmədi rəqibi nümayişkaranə şəkildə aldatsın, qısa ötürmə ilə oynasın, hücuma qatılsın, yoxsa müdafiəyəyə kömək etsin. Belə başa düşdüm ki, "Cim-Bom" fanatları üçün məşhur "Çəkilin, Bəşir gəlir" meyxanasını demək istəyirdi.
Tək günahkar Toral deyil. Bizim qapının qarşısında "mina" var axı. "Qarabağ" iyulun 19-da Bakıda II təsnifat mərhələsinin ilk oyununda İsveçrə "Sürix"ini 3:2 hesablı məğlubiyyətə uğradandan sonra mətbuat konfransında Qurban Qurbanova sual verdim ki, Şahruddin Məhəmmədəliyevin "mina"sı yenə partladı, Toral hələ avrokuboklara hazır deyil.
Qurbanovun bu sualdan heç xoşu gəlmədi, halbuki həmin oyunda qapımıza təyin olunan penaltı bu iki futbolçunun səhvi hesabına başa gəldi. Rəqib də bu hədiyyədən səmərəli istifadə etdi.
Plzendə isə 58-ci dəqiqədə bəstəboylu Şahruddinin ənənəvi mövqe səhvini təkrarlaması ucbatından Yan Kopits hesabı bərabərləşdirdi. Oyunun qırılma nöqtəsi də bu oldu. Şahruddini qınamaq istəmirəm, istedadı çox olmayıb, ancaq əzmi, istəyi bol olan milliləşdirilmiş qapıçının xidmətləri kifayət qədərdir. Amma müntəzəm təkərlanan mövqe səhvi, kortəbii öturmələri bunun üzərindən xətt çəkir.
Hesab 1:1. "Viktoriya" azarkeşləri bərabərlik qolunu tribunalarda bayram edir. İbrahima Vadji rəqib qapıçının yanında ayağına top gözləyir, Qara Qarayev ağ rənglə qırmızını səhv salır, Kadinin topu "quşlara" vurması diqqət çəkir. Bəli, 2 həftədir meydanda görünməyən, son dönəmlərin ulduzu topu qapıdan ən yaxın 3-5 metr yuxarı vurmaqla yadda qaldı. Rəqib onu Bakıdakı oyunda olduğu kimi bloklamamışdı. Yetərincə imkanları var idi, lakin bu Kadi, o Kadi deyildi.
Oyunun 72-ci dəqiqəsində buraxdımız qol məğlubiyyətin nöqtəsini qoydu. Geridə qalan dəqiqələri sadəcə yola verib taleyimizlə barışdıq. Mən Qurbanovdan sürpriz gözləsəm də, bu, baş vermədi, ötən gün rəqib üçün nəzərdə tutulan "hədiyyə qutusu" boş çıxdı. Yenidən Avropa Liqasına qədəm qoyuruq. Amma bu heyətlə qrupda birinci yeri tutmaq çox çətindir. Yeni transferlər lazımdır. Çünki Avropa Liqasında bizi "Kəpəz", "Sumqayıt" gözləmir, adlı-sanlı rəqiblər var.
Beləliklə, "köhlən atlar"ın Çempionlar Liqası sərgüzəşti başa çatdı. Bununla da maddiyyat və nüfuz itirdik. Amma itirməsən, qazanmaq da olmaz. Qazanc ümidi ilə...