Azərbaycan Boks Federasiyasının (ABF) ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
Daha sonra federasiyanın baş katibi Nağı Səfərov 2022 – 2026-cı illər ərzində görülən işlərə dair hesabatı təqdim edib. Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına xüsusi qayğısı ölkə boksunun da yeni nailiyyətlər əldə etməsinə imkan verib.
Ölkə boksçuları son 4 ildə beynəlxalq yarışlarda 178-i qızıl, 165-i gümüş və 307-si bürünc olmaqla, ümumilikdə 650 medal qazanıblar. Habelə bir neçə rəsmi yarışda yeni rekordlar müəyyənləşdirilib. Gənc məşqçi və hakimlərin təcrübələrinin artırılması istiqamətində də mühüm addımlar atılıb, Bakı ilə yanaşı, bölgələrdə də boks idman növü üzrə maddi-texniki baza gücləndirilib.
Ardınca növbəti 4 il müddətinə federasiya rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, maliyyə naziri Sahil Babayev yenidən ABF prezidenti, Natiq Həsənov və Vaqif Kazımov vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov İdarə Heyətinin üzvləri seçiliblər.
Sonda Sahil Babayev göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı fəaliyyət planları barədə məlumat verib.