"Hər iki oyunda yaxşı oynadıq. İkinci matçda 120 dəqiqə mübarizə apardıq. Çox yorucu, eyni zamanda zövq aldığımız görüş oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mert Çelik Avstriyada "Rapid" (Vyana) komandasına 0:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə "CBC Sport"da yayımlanan "Çempionlar Liqası özəl" verilişində qonaq olarkən deyib.
Türkiyəli müdafiəçi turnirdə mübarizəni dayandırmalarını bəxtsizliklə əlaqələndirib: "Qol və ya qollar vura bilərdik. Ötən mövsüm məğlubiyyətimizin səbəbi təcrübəsizlik idi. Bu dəfə isə şanssızlığın qurbanı olduq. Çünki hər iki matçda "Rapid"dən daha yaxşı oynadıq".
"Qarabağ"ın pley-off mərhələsinin cavab matçında Çexiyada "Viktoriya" (Plzen) klubuna 1:2 hesabı ilə uduzaraq Çempionlar Liqası ilə vidalaşmasına da toxunan 22 yaşlı oyunçu bunun Qurban Qurbanovla bağlı olmadığını bildirib: "O, Azərbaycan üçün böyük məşqçidir. Səhv etdiyini düşünmürəm. Sadəcə, oyunun gedişatı deyilən bir şey var. Düşünürsən ki, bu vəziyyətdə belə edəcəksən. Amma həmin vaxt bunu edə bilmirsən. Fikrimcə, bu, baş məşqçidən yox, futbolçudan qaynaqlanan problemdir".
Azərbaycan millisinin də şərəfini qoruyan müdafiəçi "Neftçi"ni Türkiyə klubları ilə müqayisə edib: "Ölkə çempionatın səviyəsi klubların avrokuboklardakı çıxışlarına təsir edir. Bunu Türkiyədə də görmək olar. "Başakşehir"də məndən burada nə etdiyimi soruşurdular. Deyirdim ki, Azərbaycan çempionatı inkişafdadır. "Neftçi" Türkiyə klublarından geri qalmır. Superliqada ilk "5-lik" uğrunda oynaya bilər. Çox yaxşı komandamız, baş məşqçimiz var. İnanıram ki, "Neftçi" və Azərbaycan futbolu çox yaxşı yerlərdə olacaq".