
"Qol vəziyyətləri çox olmasa da, maraqlı oyun getdi. "Neftçi" irəli atıldı, biz də bundan yararlanıb qol vurmağa çalışdıq. Amma bizim əvəzimizə rəqib fərqləndi".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Bakcell Arena"da "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının IV tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, bu mövsüm qapılarına gələn bütün zərbələr qolla nəticələnir. "Sabah" və "Makkabi" (Təl-Əviv) ilə matçlarda da belə olmuşdu. Oyun baxımından heç kimdən geri qalmırıq. Bəlkə də ən çox yerli futbolçu ilə meydana çıxan mən olmuşam".
O, Təmkin Xəlilzadə və İlkin Muradovun əvəzedici komandaya göndərilməsinə də toxunub: "Ambisiyalı idmançıları sevirəm. Kimsə qarşısına məqsəd qoymursa, o zaman bunu düşünməlidir. Təmkin Xəlilzadə və İlkin Muradov ardıcıl səhvlər edirsə, əməkdaşlıq dayandırılmalıdır".
Baş məşqçinin sözlərinə görə, Xəlilzadə və Muradovun yaxın müddətdə komandaya qaytarılması gözlənilmir: "Gələcəkdə onlarla hansısa əməkdaşlığım ola bilər. Lakin indiki durumda bu futbolçuların "Zirə"yə qayıtması mümkün deyil. Ardıcıl eyni səhvləri edən futbolçularla davam etmək mümkünsüzdür. Ümumiyyətlə, futbolda üçüncü yeri qənaətbəxş sayan, zəif nəticədən sonra evdə heç nə olmamış kimi evdə istirahət edən futbolçu ambisiyalı ola bilməz".
Sadıqov "Sumqayıt"la qolsuz heç-heçə etdikləri III tur oyununda baş verənlərə görə AFFA İntizam Komitəsinin ona xəbərdarlıq etməsinə də münasibət bildirib: "Bundan oyun vaxtı xəbər tutdum. Əslində həmin matçda baş hakim Rəvan Həmzəzadəyə etiraz etmək fikrim olmayıb. Sadəcə, elə bildim ki, epizoda baxılmayacaq. Orada başqa etiraz edənlər də var idi. Təkcə Rəşadın etiraz etdiyi görüldü. Mən də artıq bu xəbərdarlığı nəzərə alaram".
Video Player