Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Qərb bölgəsinə səfər edib.
Bu barədə Sportnet.az-a media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
Onun sözlərinə görə, səfərin məqsədi həm hazırda Tovuzda yerli komanda ilə "Kəpəz" arasında keçirilən Premyer Liqanın VI turunun açılış matçını izləmək, həm də bölgə klublarının durumu ilə yerində maraqlanmaqdır: "Tam heyətlə səfərə gəlmişik. Oyundan öncə "Turan Tovuz" klubunun rəhbər heyəti ilə görüş keçirildi, müzakirələr aparıldı. Sabah Gəncədə "Kəpəz" rəhbərliyi ilə Gəncə şəhər stadionunda görüş olacaq".
Abdullayev sentyabrın 10-da isə Qəbələyə yollanacaqlarını və yerli komanda ilə "Neftçi"nin qarşılaşmasını izləyəcəklərini söyləyib.
Qeyd edək ki, "Turan Tovuz" - "Kəpəz" matçını izləyənlər arasında AFFA-nın baş katibi Sərxan Hacıyev, deputat Arzu Nağıyev və rayon icra başçısı Məmməd Məmmədov da var. İlk hissədən sonra hesab meydan sahiblərinin xeyrinədir - 1:0.