"Bütün komandalar kimi hədəfimiz mümkün qədər çox xal toplamaq və qrupdan çıxmaqdır".
Sportnet.az-ın məlumatına görə, bunu Fransanın "Nant" klubunun futbolçusu Evan Gessan evdə Yunanıstan "Olimpiakos"una 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun I tur oyunu barədə danışarkən deyib.
21 yaşlı hücumçu 3 gündən bir meydana çıxmağın yorucu olduğunu bildirib: "Amma istədiyimiz məhz budur. Mənim xoşum gəlir. Böyük turnirlərdə bu anları yaşamaqdan məmnunam".
Liqa 1 təmsilçisi qrupdakı növbəti oyununu Bakıda "Qarabağ"a qarşı keçirəcək. Fransalı forvard Azərbaycana səfər edəcəkləri üçün sevincli olduğunu söyləyib.
Qeyd edək ki, qarşılaşma sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.