Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az xəbər verir ki, ki, “Festhalle” sərgi mərkəzində təşkil olunacaq tədbirə AFFA-nın baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi, baş katibin müavini Kamran Vəliyev, Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov qatılacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
UEFA Millətlər Liqasının 2022/2023-cü illər mövsümünün qrup mərhələsinin yekununa əsasən tərtib edilmiş reytinq cədvəlinə uyğun olaraq, komandaların yer aldığı səbətlərin tərkibi məlum olub. Azərbaycan milli komandası 4-cü səbətdə yer alıb.
Püşkə əsasən, üç qrupda 6, digər yeddi qrupda isə 5 komanda olmaqla komandalar 10 qrupa bölünəcək. Millətlər Liqası səbətində olan 4 komanda 5 komandalı qruplarda yer alacaqlar. VI səbətdəki komandalar onlara rəqib olmayacaq. Qruplarda ilk iki pilləni tutan komandalar birbaşa AÇ-2024-ün final mərhələsinə vəsiqə əldə edəcəklər. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanan 12 komanda arasındakı oyunlardan sonra bəlli olacaq.
Səbətlərin tərkibi aşağıdakı kimidir:
UEFA Millətlər Liqası səbəti: Niderland, Xorvatiya, İspaniya, İtaliya;
1-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan, İsveçrə, Polşa;
2-ci səbət: Fransa, Avstriya, Çexiya, İngiltərə, Uels, İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya, Finlandiya;
3-cü səbət: Ukrayna, İslandiya, Norveç, Sloveniya, İrlandiya, Albaniya, Monteneqro, Rumıniya, İsveç, Ermənistan;
4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan, Lüksemburq, Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları, Şimali Makedoniya;
5-ci səbət: Slovakiya, Şimali İrlandiya, Kipr, Belarus, Litva, Cəbəllütariq, Estoniya, Latviya, Moldova, Malta;
6-cı səbət: Andorra, San Marino, Lixtenşteyn.
Qeyd edək ki, Almaniya ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə əldə edib. Almaniya millisi A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənar qalacaq.