"Rəqib 0:3 geridə olsa da, məğlub olmaq istəmirdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis matçda yaxşı dinamikanın olduğunu söyləyib: "Turan Tovuz" sonadək mübarizə apardı. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm".
Qurbanov 8 ay məğlub olmamalarına münasibət bildirib: "Komandanı hər matça yaxşı motivasiya etməyə çalışırıq. Həm fiziki, həm psixoloji hazırlığını yüksək səviyyəyə gətirmək niyyətindəyik. Qeyri-adi heç nə yoxdur Ümimi iş prosesidir".
Təcrübəli baş məşqçi görüşdə zədələnən Bədavi Hüseynovun vəziyyəti haqqında danışıb: "Onun durumuna böyük ehtimalla sabah aydınlıq gələcək. Məşqdə də ağrısı var idi. Dünən hər şey qaydasında idi. Oyun epizodunda əzələsində ağrı hiss etdi. Həm özü, həm də biz risk etmək istəmədik".
Mütəxəssis UEFA Avropa Liqasındakı rəqiblərindən olan Fransa "Nant"ının son qarşılaşmalarını izlədiyini sözlərinə əlavə edib: "Onların məğlubiyyətləri bizi aldada bilər. Bir neçə epizodda texniki səhvlər olur ki, bununla hamımız rastlaşmışıq. “Frayburq”a böyük hesabla uduzsalar da, çempionat matçında başqa dinamika, sürət var idi. Çox yaxşı idilər, hücum futbolu göstərdilər. Sanki bizə hazırlıq kimi idi. Qarşıda 4-5 gün vaxtımız var. Rəqibi daha yaxından təhlil edəcəyik".
Qurbanov Fransadakı görüşdə yaxşı nəticə qazanmaq istədikləri vurğulayıb: "İstənilən rəqibə qarşı minimum onların səviyyəsində oynamağa çalışırıq. Baxmayaraq ki, onlar bizdən yüksək səviyyəli çempionatlarda çıxış edirlər. Oyunumuzu daim qorumaq mənim üçün çox vacibdir. Avropa arenasında stabil oyun göstərmək önəmlidir. Əsas məqsədim komandanı matçlara hazırlamaqdır. Ola bilər ki, heç-heçə də bizi qane etsin. Qalibiyyət daha yaxşı olar. Məğlubiyyət haqqında düşünmürük".
Baş məşqçi Fransa üzləşə biləcəkləri mümkün təxribat haqqında fikirlərini bölüşüb: "Klub rəhbərliyi bu işlə məşğul olur. Son vaxtlar təxribatlar azalıb. Belə şeylərə fikir vermirik".
Qurbanov Şahruddin Məhəmmədəliyevin iştirak ərizəsində olmamasına da aydınlıq gətirib: "Onun ayağında ağrıları var idi, risk etmədik, istirahət verdik. Qarşıda bir neçə gün vaxt var, durumuna baxacağıq. Quqeşaşvili çempionatın əksər oyunlarında iştirak edib. Qapıçının daha çox inkişaf etməsi üçün mütləq çox oynaması lazımdır. Hər şey yaxşılığa doğru gedir. Amma özü üzərində çox çalışmalıdır. Böyük oyunlarda iştirak etsə, daha yaxşı olar. Ancaq hələ çox məşq etməli, hazırlaşmalıdır".