
Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “Frayburq” qarşılaşmasının baş hakimi Aleksey Kulbakov daha əvvəl də Azərbaycan təmsilçilərinin oyunlarına təyinat alıb.
Sportnet.az xəbər verir ki, belaruslu referi ilk olaraq 2011-ci ilin avqustun 10-da "Dalğa Arena"da keçirilən Azərbaycan - Makedoniya yoldaşlıq görüşünü idarə edib.
Həmin matçda Qoran Pandevin 58-ci dəqiqədə vurduğu qol makedonlara qələbə qazandırıb, Kulbakov isə Makedoniya yığmasının 2 üzvünə sarı vərəqə göstərib.
FIFA dərəcəli hakim daha əvvəl “Qarabağ”ın da oyununda əsas söz sahibi olub. O, 2014-cü il oktyabrın 2-də Avropa Liqasının qrup mərhələsində ağdamlıların Milanda "İnter"lə matçını (2:0) idarə edib. Kulbakov "İnter"dən Xuan Xesus və Qari Medeli, "Qarabağ"dan isə Muarem Muaremi sarı vərəqə ilə cəzalandırıb.
Belaruslunun Azərbaycan təmsilçilərinin iştirakı ilə sonuncu idarə etdiyi qarşılaşma isə 2016-cı il avqustun 18-də Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilmiş “Qəbələ” – “Maribor” (Sloveniya) matçı olub. Mərhələnin ilk oyununu Azərbaycan təmsilçisi 3:1 hesablı qələbə ilə başa vurub.
Qeyd edək ki, “Qarabağ” – “Frayburq” (Almaniya) matçı noyabrın 3-də saat 21:45-də start götürəcək.