“Birinci hissədə “Zirə” önündə möhtəşəm görünürdük”.
Sportnet.az xəbər verir ki, bunu Serbiya təmsilçisi “Radniçki”nin baş məşqçisi Nenad Lalatoviç klubun rəsmi saytına açıqlaması zamanı Türkiyə toplanışında “Zirə” ilə keçirilən yoxlama görüşü barədə danışarkən deyib.
46 yaşlı serbiyalı mütəxəssis 0:0 hesabı ilə başa çatan qarşılaşmadakı oyunlarını yüksək qiymətləndirib. Lalatoviç, xüsusən də, birinci hissəni üstün keçirdiklərini vurğulayıb: “İlk oyunda 2:1 hesablı qələbə qazandıqdan sonra “Zirə” ilə ikinci görüşümüzdə heç-heçə qeydə alındı. Bu, rəqibin çempionat oyunu öncəsi son sınağı idi. Biz isə hələ formamızı yaxşılaşdırırıq. “Zirə” ilə qarşılaşmadan əvvəl də səhər məşqi etmişdik. Oyunçuların qarşısına qoyduğum öhdəliklərə olan reaksiyalarından çox razıyam. Komandamız ilk yarıda yüksək pressinqdə və orta sahədə blokda oynadı. Keçidlərdə əla idik, oyunun həmin hissəsində qələbəyə daha layiq çıxış etdik”.
Baş məşqçi ikinci hissədəki zəif oyunun səbəbini əvəzləmələrdə görüb: “Fasilədən sonra heyəti tamamilə dəyişdim, digər oyunçulara güvəndim. Bu hissədə rəqib daha yaxşı görünsə də, ümumi matçdan razıyam”.
Qeyd edək ki, Antalya toplanışını başa vuran “Zirə” orada 3 yoxlama görüşü keçirib. “Çindia”nı (Rumıniya - 3:2) məğlub edən Rəşad Sadıqovun yetirmələri, “Seqed-Çanad”a (Macarıstan – 1:3) məğlub olub və son olaraq “Radniçki” (Serbiya) ilə qolsuz bərabərə qalıb.