"Qarabağ"ın mərhələ adlayacağına inanıram".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov "köhlən atlar"ın Belçikada "Gent"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçı ilə bağlı danışarkən deyib.
44 yaşlı keçmiş yarımmüdafiəçi ölkə çempionunun rəqib meydanında daha yaxşı çıxış etdiyini bildirib: "Komanda bunu əvvəlki görüşlərdə də göstərib. "Qarabağ" Fransanın "Nant" klubuna qarşı gözəl oyun sərgiləyib, Yunanıstanda "Olimpiakos"a qalib gəlib. Bu səbəbdən ümidliyəm və "Gent" səddini keçəcəklərini düşünürəm".
Hazırda menecer kimi çalışan Sultanov Bakıdakı ilk qarşılaşmanın ən yaxşılarından hesab edilən Marko Yankoviçin zədələnməsinə də toxunub: "Qarabağ"da heç bir futbolçunun yoxluğunu itki saymıram. Çünki 22 eyni səviyyəli oyunçuları var. Kevin Medina cəza səbəbindən olmasa da, Bəhlul Mustafazadə və Bədavi Hüseynov ilk matçda istənilən səviyyədə idi. Yankoviçin də olmamasını itki hesab etmirəm. Komandanın yetərincə gücü və futbolçusu var".
O, "köhlən atlar"ın Belçikadakı görüşdə qapı xəttində böyük problem yaşamayacğını sözlərinə əlavə edib: "Luka Quqeşaşvilini zəif qapıçı kimi göstərmək düzgün olmaz. Son matçlarda yaxşı performans göstərməmək o demək deyil ki, pis qolkiperdir. Quqeşaşvili hazırda gənc qapıçıdan daha etibarlı və təcrübəlidir. Məncə, o, birinci seçim olmalıdır".
Sultanov Ağdam təmsilçisində yeni transferlərdən albaniyalı Redon Cicanın hazırlıqlı olduğunu deyib: "O, əvvəlki komandasında oyunlar keçirib, qışdakı təlim-məşq toplanışında da iştirak edib. Yassin Benzianın hərəkətlərindən hələlik hazır olmadığı görsənir. Adama Diakabinin isə köməyi dəyə bilər. Oyun təcrübəsinin az olmasına baxmayaraq, formasını bərpa edibsə, komandaya yardımçı olacaq".
Qeyd edək ki, bu gün "Gelamko Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüşdə "köhlən atlar" 1:0 hesabı ilə qalib gəlib.