
“Gent”lə oyunlarda ən böyük problem yeni transferlərin “Qarabağ” xeyir verməmələri oldu. Komandaya lazımi dəstəyi göstərə bilmədilər”.
Sportnet.az xəbər verir ki, bunu "report"a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçikada “Gent”ə 0:1 hesabı ilə məğlub olduğu görüşlə bağlı danışarkən deyib.
2006-2013-cü illərdə “Qarabağ”ın formasını geyinmiş veteran hücumçu keçmiş komandasının yeni transferlərinin formada olmamasının cütlükdə həlledici olduğunu düşünür: “Qışda transfer edilənlər komandaya gec qoşuldular. Hələ hazır deyillər, kollektivə tam uyğunlaşmayıblar. Onlar hazırda 30 faiz güclə oynamaq iqtidarındadırlar. Avrokubok kimi vacib turnirdə də baş məşqçi Qurban Qurbanov onları ehtiyatdan meydana buraxdı. Hamı bilirdi ki, “Gent” standart vəziyyətlərdən yararlanmağı bacaran komandadır. Belə də oldu”.
Bu il karyerasını başa vuran 34 yaşlı mütəxəssis ilk matçda Bakıdakı 1:0 hesablı qələbənin də “Qarabağ”ın səfər qarşılaşmasına yanaşmasına təsir göstərdiyini hesab edib: “Qarabağ”ın “Gent”ə uduzmasını bəxtsizliklə də əlaqələndirərdim. Təmsilçimizin hücumları bəzi epizodlarda istədiyi kimi alınmadı. Digər tərəfdən “Qarabağ” Belçikada ehtiyatlı oynayırdı. Bakıdakı 1:0 hesablı qələbənin rahatlığı var idi. Hesabı qorumaq üçün ilk dəqiqələrdən ehtiyatlı oyuna üstünlük verdilər”.
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında keçirilən hər iki oyunda meydan sahibi komanda 1:0 hesablı qələbə qazanıb. Belçikadakı cavab görüşündə penaltilər seriyasında 3:5 hesabı ilə məğlub olan Azərbaycan çempionu avrokuboklarda mübarizəni dayandırıb.