"Haqqınızı halal edin. Hər şeyə görə, təşəkkür edirəm".
Sportnet.az xəbər verir ki, bu sözləri Azərbaycan Futbol Federasiyasının sabiq prezidenti Rövnəq Abdullayev AFFA-nın bu gün keçirilən konfrasında çıxışı zamanı bildirib.
"AFFA kollektivinə, futbol ailəsinə minnətdarlıq bildirirəm. Sağ olsunlar. Hamısı ürəkdən çalışdı. Şükür Allaha, bundan sonra futbola rahat baxa bilərəm. Neytrallıq məni bir az sıxırdı. Deyirdilər ki, milliyə azarkeşlik edə bilərsən, klublara yox. “Kral öldü”, yaşasın yeni kral".
Futbola gəlməsinə peşman olmadığını deyən Abdullayev 20 ildir bu cameədə olduğunu xatırladıb: "Pünik" üzərində qələbəni yaxşı xatırlayıram. 2006-cı ildə isə Ermənistan çempionu bizimlə oynamaqdan qaçdı. Bir il sonra yenidən ermənilərlə qarşılaşmalı idik. Lakin “Pünik” həmin vaxt bizlə qarşılaşmaqdan qorxdu, qaçdılar. Ermənilər elə o vaxtdan qaçmağa öyrəşdilər. Bunlar sevindirici məqamlardır. Təbii ki, kədərli anlar da olub. Hər bir sevindirici anlar boş yerə çalışmadığını göstərir. Futbola dəstəyinə görə ən böyük pay cənab Prezident İlham Əliyevindir. Onun diqqəti sayəsində klublarımız sabit çıxış edirlər, heç bir maliyyə problemi yaşamırlar. Sponsorlar tapmağa çalışırıq. Ancaq sponsorsuz klub belə Premyer Liqada uğurlu çıxış edə bilir. Çempionat elə güclü səviyyədə keçir ki, artıq millimiz də yaxşı çıxış edəcək".
Rövnəq Abdullayev FIFA və UEFA rəhbərlərinə də təşəkkürünü bildirib: "Canni İnfantinoya və Aleksander Çeferinə təşəkkürümü bildirirəm. Onlar daim Azərbaycan futbolunun inkişafı üçün dəstəklərini veriblər. Onların bundan sonra da Azərbaycan futboluna dəstəklərini əsirgəməyəcəklərinə inanıram".
O, sonda AFFA kollektivinə təşəkkürünü bildirib: "Haqqınızı halal edin, hər şeyə görə çox sağ olun. Artıq futbola azarkeşlik edə bilərəm".