"Dünya çempionatında iştirak edən braziliyalıların sayı çoxdur. Təbii ki, hər kəs seçimində azaddır. Azərbaycan mənim ürəyimdir, sevdiyim ölkənin uğur qazanması üçün hər zaman çalışıram". Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının üzvü Vassoura Kolumbiyada keçirilən dünya çempionatınıın 1/8 final mərhələsində Taylandla baş tutacaq görüşdən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
O, Taylandla oyunun asan olmayacağını bildirib: "Rəqibimizin hazırkı heyəti 4-5 ildir bir yerdə çıxış edir. Bir növ son oyunda heç-heçə etdiyimiz İran kimi. Üstəlik, təcrübəli baş məşqçiləri var. Taktiki planda çox güclü mütəxəssisdir. Aut və kornerlər zamanı müxtəlif "ev tapşırığı" yerinə yetirirlər. Üç ilə yaxındır bu komanda ilə birgə işləyir”.
Qeyd edək ki, Azərbaycan və Tayland yığmaları Bakı vaxtı ilə sentyabrın 23-də saat 02:30-da qarşılaşacaqlar. Qələbə qazanan komanda Portuqaliya - Kosta Rika görüşünün qalibi ilə 1/4 finalda üz-üzə gələcək.