“2023-cü illə bağlı hədəfim Bakıda keçiriləcək Dünya Kubokunda medal qazanmaqdır”.
Sportnet.az xəbər verir ki, bunu batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
20 yaşlı idmançı fevralın 18-19-da Milli Gimnastika Arenasında keçiriləcək yarışa hazırlığın yüksək səviyyədə davam etdiyini bildirib: “Zədədən sonra öz formamı yenidən bərpa etmişəm və məşqləri davam etdirirəm. Dünya Kubokunda yaxşı nəticə göstərmək üçün əlimdən gələni edəcəyəm. Doğma divarlar arası ilə ölkə xaricində çıxış etmək arasında fərq var. Çünki öz evində yarışmaq daha məsuliyyətlidir”.
Selcan Mahsudova əsas hədəfinin Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq olduğunu sözlərinə əlavə edib: “Bakıdakı yarışdan sonra keçiriləcək Dünya Kuboklarında da finalda iştirak etmək istəyirəm. Əsas məqsədim isə ilin sonlarında baş tutacaq dünya çempionatında olimpiadaya lisenziya qazanmaqdır”.