
"Gənclər və idman naziri kimi Bakıdakı qaçış marafonunda 21 km-lik məsafəni 3 dəfə qaçmışam".
Sportnet.az-ın məlumatına görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov ASAN TV-yə müsahibəsində açıqlama verib.
O bildirib ki, marafon qaçışlarının təhlili zamanı iştirakçılarla yanaşı, finişə çatanların sayı da çoxalır: "Sirr deyil ki, 21 km-lik marafon qaçışına bəziləri şəkil çəkdirmək üçün gəlirlər. Artıq üçüncü dəfədir ki, bu məsafəni sonadək qaçıram. Qaçış zamanı dayanmağı xoşlamıram. Çünki tempim o qədər də yüksək deyil. Finişə neçənci çatdığımı xatırlamıram. Bunu sistemdə görmək olar. Amma sürətim o qədər də çox deyil. 3 saata qaçıram. Bu, bir qədər çox vaxt deməkdir. Əsas odur ki, qaçıram və finişə çatıram. İlk növbədə, özüm üçün".
Nazir futbol və üzgüçülüklə də məşğul olduğunu bildirib: "Birlikdə futbol oynadıqlarım arasımda dövlət qurumlarında çalışan həmkarlarım da var. Onların adlarını çəkməyim doğru olmazdı. Son bir neçə ayda futbol oynamamışam. Bu da işlərin intensivliyi ilə əlaqədardır. Lakin işlərin intensivliyi bəhanə olmamalıdır. Havalar isti olsa da, nə isə etmək lazımdır. Çalışıram ki, həftədə 2-3 dəfə hovuzda üzüm".