Gürcüstan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Mamuka Xabareli “Report”un yerli bürosunun suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, Xabareli müsahibəsində öz ölkəsində qış idman növlərinin hazırkı vəziyyətindən danışıb, yenidən qurulan Azərbaycan Qış İdman növləri Federasiyasına tövsiyələrini verib...
- Pekin-2022 Qış Olimpiya Oyunlarından yeni dönmüsünüz. Gürcüstan olimpiyaçılarının nəticələrindən razısınız?
- Gürcüstan Qış Olimpiya Oyunlarında ilk dəfə olaraq, 9 idmançı ilə təmsil olundu. Biz bütün idman növlərində çıxış etdik və çox yaxşı nəticələr əldə etdik. Belə böyük komanda ilə Qış Olimpiya Oyunlarına getməyimiz rekord və tarixi nəticə idi. Qazandığımız nəticələr kifayət qədər qənaətbəxşdir.
- Gürcüstanda qış idman növləri hansı səviyyədə inkişaf edib?
- Gürcüstan, xüsusən də Bakuriani Dağ-Xizək Kurortu hələ sovetlər dönəmində qış idman növləri sahəsində əsas mərkəzlərdən biri hesab olunurdu. Qış olimpiadalarında medallarımız olmasa da, sovetlər dönəmində yarışlarda yaxşı çıxış edirdik.
Gürcüstanda hazırda qış idman növləri inkişaf etməkdədir. Qış Olimpiya Oyunlarında 9 idmançı ilə təmsil olunmağımız da bunun bir göstəricisidir. Biz düzgün yoldayıq və hesab edirəm ki, gələcəkdə daha çox inkişafa nail olacağıq. Ölkə ərazisinin 75 faizini dağlar təşkil edir. Qış idmanının inkişafı üçün mövcud olan çox böyük potensialdan mütləq istifadə edilməlidir.
- Bəs qış idman növlərinin inkişafı üçün mövcud infrastruktur necədir: Bazalar harada yerləşir, idmançılar harada məşq edirlər?
- Əlbəttə, infrastruktur baxımından geri qalırıq. Müxtəlif istiqamətlərdə müvafiq idman infrastrukturumuz yoxdur. Lakin bunu mütləq qeyd etməliyəm ki, Gürcüstan 2025-ci il Avropa Gənclərinin Olimpiya Festivalının (EYOF - red.) Bakurianidə keçirilməsi ilə bağlı müraciət təqdim edib. Bu layihə çərçivəsində bir neçə idman kompleksi və infrastruktur inşa etdirməklə bağlı öhdəliyimiz var. Deyə bilərəm ki, Gürcüstan dağ-xizək idmanı sahəsində yaxşı infrastruktura malikdir. Bu, həm turizm, həm də idman istiqamətində istifadə olunur. Bu sahəyə daha çox gəncin cəlb olunması üçün işlər aparırıq. Bakuriani, Qudauri, Svaneti, Acarıstanda Qoderdzi aşırımında dağ-xizək idmanı istiqamətində çox yaxşı infrastruktur var. Bu, dağ-xizək idman növü ilə məşğul olan gənclərə gələcək yarışlarda yaxşı nəticələr göstərərək ölkəmizi layiqli təmsil etməyə imkan verir.
Bir yeni xəbəri sizinlə bölüşmək istəyirəm. Batumidə bir neçə gündən sonra fiqurlu konkisürmə üçün zalın tikintisi bərpa olunacaq. Zal tikilib, lakin müvafiq avadanlıqlarla təchizatı tələb olunur. Bu zal yalnız fiqurlu konkisürmə deyil, bütün buzüstü idman növləri üçün nəzərdə tutulacaq. Yeni infrastruktur gəncləri buz idman növlərinə cəlb etmək üçün Acarıstanda toplamağa imkan verəcək. Bununla yanaşı, EYOF üçün Tbilisidə buz meydançası, həmçinin biatlon və xizək trası, tramplindən tullanma üçün tramplin tikilməlidir.
- Qış idman kompleksləri və bazaları turizm mərkəzləri daxilində, yoxsa ayrıca fəaliyyət göstərir?
-İdman infrastrukturunun yaradılması planlaşdırılan zaman, əlbəttə, onun yalnız yarışlar üçün istifadə olunmamasına üstünlük verilir. Bu idman kompleksləri daha çox insan cəlb etmək üçün maksimal yüklənməyə hesablanır. Buna müvafiq olaraq, infrastruktur elə məkanda inşa olunur ki, əhalisi çox olsun, müxtəlif rayonlardan insanlar həmin yerə rahat gedə bilsinlər. Yəni, əsas prioritet elə yerlərə verilir ki, orada insan konsentrasiyası çox olsun.
- Qış idman növlərində idmançılar və məşqçilər gürcülərdir, yoxsa legionerlər?
- İdman növləri üzrə fərqlidir. Məsələn, buz meydançası olmadığından, fiqurlu konkisürənlərimiz ölkədən kənarda hazırlaşırlar. Çünki başqa yol yoxdur. Onlar əsasən Rusiyadan olan milliyətcə gürcülərdir. Təbii ki, digər millətlərə məxsus idmançılarımız da mövcuddur. Onların məşqçiləri arasında həm gürcülər, həm də əcnəbilər var. Lakin Gürcüstanda buz meydançası olandan sonra məşqlər burada olacaq və əsas komandaların seçimi də buradan başlayacaq.
Dağ-xizək idman növünə gəlincə, baza Gürcüstandadır. Bu növ üzrə idmançılarımız İtaliya, Avstriya və digər ölkələrdə də məşq edirlər. Çünki onlar üçün mövsümün uzadılması imkanı olmalı, qar üzərində maksimum məşq etməlidirlər. Hələ Gürcüstanda şərait, qar var, burada hazırlaşırlar, yay aylarında qar üstündə məşqlər üçün Alp dağlarına gedirlər. Bu, hər yerdə belədir və adi prosesdir. Lakin bizim üçün başlanğıc nöqtənin, əsas konsentrasiyanın Gürcüstanda olması vacibdir. Yəni, idmançılar Gürcüstanda yetişdirilsin, daha sonra birgə toplanışlar üçün xaricə yollansınlar. Bu yalnız qış deyil, istənilən idman növlərində belədir. İdmançı Gürcüstanda yetişir, daha sonra digər ölkələrə yollanır ki, təcrübəsini artırmaq üçün birgə məşqlərdə iştirak edə bilsin.
- Bu yaxınlarda Azərbaycan Qış İdman Növləri Federasiyası yaradılıb. Gürcüstanın bu sahədə təcrübəsini nəzərə alaraq, Azərbaycanla bu istiqamətdə əməkdaşlığa hazırsınızmı?
- Bizim Milli Olimpiya komitələrimiz arasında yaxşı dostluq və çox sıx münasibətləri var. Bura həm iş, həm də dostluq əlaqələri daxildir. Şəxsən mənim azərbaycanlı həmkarlarımla çox yaxşı münasibətlərim var. Pekində olanda Gürcüstanın olimpiadada missiyasının rəhbəri olaraq mən Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi, şef de missionu Anar Bağırovla görüşdüm. Görüşdə həmkarım mənə yeni federasiyanın yaradılması barədə məlumat verdi. Öz növbəmdə elə oradaca, dəstək olacağımıza söz verdim. Federasiyanın yaradılması ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi, idmançıların cəlb olunmaları, təcrübəmizi bölüşmək, infrastrukturumuzun istifadəsi və s. baxımdan bizim üçün də vacibdir. Bu istiqamətdə əməkdaşlıq edəcək və təcrübə mübadiləsi həyata keçirəcəyik.
- Gürcüstan MOK-un adından Azərbaycana hansı tövsiyələr verə bilərsiniz?
- Azərbaycan qış idman növlərinin inkişafına təkan verir. Burada müvafiq infrastruktur mühüm əhəmiyyət kəsb edir. Gürcüstan Azərbaycanla birgə toplanışlar keçirib, birgə planlar tərtib edə bilər. Gələcəkdə iki ölkə hər hansı idman tədbirini – EYOF və istənilən digər yarışları birgə təşkil edə bilər. Dünyada belə bir təcrübə mövcuddur.
Gürcüstanın malik olduğu təcrübənin böyük olduğunu deyə bilmərəm. Çünki biz də indi ayaq üstə qalxırıq və addımlar atırıq. Əlbəttə, əldə etdiyimiz nəticələrə əsasən biz bir az öndəyik. Azərbaycanın bu sahədə beynəlxalq təcrübəni öyrənərək tətbiq etməsi yaxşı olar. Gürcüstan da bu sahədə daha təcrübəli ölkələrin praktikasından yararlanır.
- Gürcüstanda ayrıca Qış İdman Növləri Federasiyası yoxdur. Fiqurlu konkisürmə, dağ-xizək, biatlon və kirşəsürmə növləri üzrə ayrıca federasiyalar fəaliyyət göstərir. Necə hesab edirsiniz, müxtəlif növlərin ayrı-ayrılqda və yaxud bir struktur daxilində inkişafı daha effektli deyilmi?
- Düzü, bu məsələni heç müzakirə etməmişik. Bu barədə fikirləşmək olar. Azərbaycanın bu sahədəki təcrübəsinə baxacağıq. Bizdə başqa sistemdir. Federasiyalar ayrılıqda fəaliyyət göstərir və onları birləşdirməklə bağlı fikrimiz yoxdur. Azərbaycan bütün qış idman növlərini bir çətir altında toplayıb inkişaf etdirməyə qərar verib. Bizim üçün Azərbaycanın bu istiqamətdə hansı addımlar atacağını müşahidə etmək maraqlı olacaq. Azərbaycan da Gürcüstan təcrübəsi ilə tanış ola bilər. Sistemin necə işləyəcəyinə və özünü nə qədər doğruldacağına baxacağıq. Təhlillərdən sonra hansı modelin daha uğurlu olması aydınlaşacaq. Gələcəkdə ya biz Azərbaycanın modelinə, ya da Azərbaycan bizim modelə keçə bilər.