1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan idmanının MDB və İslam ölkələri arasında yeri - LAYİHƏ
Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılıb. Komitə elə həmin ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvlüyünə qəbul olunub. Geridə qalan 24 illik müddət ərzində olimpiya növlərində dünya və Avropa çempionatları da daxil, mötəbər beynəlxalq turnirlərdə müxtəlif əyarlı yüzlərlə medal qazanılıb. Bu, sözügedən tarixə görə heç də kiçik nəticə deyil. Dördilliyin əsas yarışında müstəqil Azərbaycan təmsilçiləri üst-üstə 26 medal qazanıb. Bunların 6-sı qızıl, 5-i gümüş, 15-i bürünc əyarlıdır.
Müasir Olimpiya oyunlarının başlandığı 1896-cı ildən bu yana 27 Yay Olimpiya Oyunları keçirilib. Azərbaycan idmançıları mötəbər yarışda SSRİ yığma komandasının tərkibində 1952-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə keçirilmiş XV Yay Olimpiya Oyunlarında debüt ediblər. Həmin olimpiadada respublikamız 5 idmançı ilə təmsil olunub. Pəhləvanımız Rəşid Məmmədbəyov 52 kq çəki dərəcəsində sərbəst üsulla güləş yarışlarında gümüş medal qazanıb. Hansı ki, bu, Azərbaycan idmançılarının ilk olimpiya medalı idi.
Nəzərinizə çatdıraq ki, SSRİ tərkibində Yay Olimpiya oyunlarına qatıldıqları bütün olimpiadalarda Azərbaycan idmançıları medal qazana bilib.
1956-cı il Melburn Yay Olimpiya Oyunlarında respublikamızı təmsil edən yeganə idmançı Yuri Konavalov 4200 metr məsafəyə estafet qaçışında, Yevgeni Saltsin SSRİ vaterpol yığmasının heyətində qazandığı ikinciliklə vətənə gümüş medalla dönüblər.
1964-cü il Tokio Yay Olimpiya Oyunlarında Azərbaycandan 6 idmançı iştirak edib. Onların 5-i medala layiq nəticə göstərib. Beşnövçü Viktor Mineyev qızıl, voleybolçu İnna Rıskal isə gümüş medal əldə edib. Vaterpolçularımız Zenon Bortkeviç və Nikolay Kuznetsov, güləşçi Aydın İbrahimov bürünc medala sahib olublar.
1968-ci il Mexiko Yay Olimpiya Oyunlarına 3 idmançımız - voleybolçular İnna Rıskal, Vera Lantratova və suyatulanan Nadejda Karpuxina qatılıb ki, burada voleybolçularımız vətənə qızıl medalla qayıdıblar.
1972-ci ildə XX Olimpiya Oyunlarında da respublikamız 3 idmançı ilə təmsil olunub. İnna Rıskal ardıcıl ikinci dəfə olimpiya çempionu adını qazanı, yüngül atletimiz isə Aleksandr Kornelyuk 100 m məsafəyə qaçışda Avropa rekordunu təzələyərək, gümüş medala sahib olub.
1976-cı ildə Kanadanın Monreal şəhərində keçirilən XXI Yay Olimpiya Oyunlarında bakılı həndbolçular Rəfiqə Şabanova və Lyüdmila Şubina SSRİ yığmasının heyətində mübarizə apararaq, Olimpiya çempionu olublar, voleybolçu İnna Rıskal isə kolleksiyasına üçüncü olimpiya medalını (gümüş) əlavə edib.
1980-ci ildə Moskvada keçirilən XXII yay Olimpiya Oyunlarında 5 idmançımız mükafata layiq yer tutub. Həndbolçumuz Larisa Savkina olimpiya çempionu olub, avarçəkənlərimiz Vasili Yakuşa, Viktor Pereverzev və Gennadi Kryuçkin gümüş, otüstü hokkeyçimiz Tamara Şviqanova bürünc medal qazanib.
1988-ci il Seul olimpiadasında Azərbaycan rekord sayda - 18 idmançı ilə təmsil olunub. Onların 2-si qılıncoynadan, 2-si güləşçi, 1-i futbolçu, 1-i stend atıcısı, 1-i həndbolçu və 11-i avarçəkən idi. Qılıncoynadanlar İlqar Məmmədov və Yuri Koretski, futbolçu İqor Ponamaryov qızıl, avarçəkən Aleksandr Lukyanov gümüş, həndbolçu Elina Quseva və avarçəkən Vasili Yakuşa isə bürünc medalla adlarını ölkə idman tarixinə həkk ediblər.
1992-ci il XXV Yay Olimpiya Oyunlarında Azərbaycan MDB bayrağı altında təmsil olundu. MDB tərkibində iki idmançımız - cüdoçu Nazim Hüseynov və gimnast Valeri Belenki olimpiya çempionu adına layiq görülüblər.
Müstəqillik dövründə olimpiadalarda qazanılan nəticələri müqayisə etdikdə, keçmiş SSRİ ölkələri arasında yalnız Rusiya, Ukrayna, Belarus və Qazaxıstandan geri qalırıq. Bu, geridə qalan beş zirvə yarışında iştirakçıların və təmsil olunduğumuz növlərin sayına görə də belədir.
Müstəqillik qazandığımız dövrdən bu yana ölkəmizə, əsasən, təkmübarizəli növlər beynəlxalq arenada ciddi nailiyyətlər qazandırıb. Məsələn, güləşdə 12, boksda 4, kanoedə və ağır atletikada 3, taekvondoda və atıcılıqda 2, cüdoda 1 dəfə dünya çempionluğu sevinci yaşamışıq. Güləşdə ümumi göstəricilərdə yalnız Rusiya və Ukraynaya uduzuruqsa, MDB-dən Niyaməddin Paşayevin timsalında taekvondo üzrə ilk dünya çempionluğu sevinci yaşayan ölkə adına sahibik. Cüdodakı nəticələrimiz isə 24 il üçün ilk beşlikdədir. Kanoedə son 7 ildə ciddi nailiyyətlər əldə edilibsə, ağır atletika hələ əsrin ilk illərindən ənənəvi medal ümidlərimizdəndir. Atıcılıqdakı uğurlarımız isə təəssüf ki, 2004-cü ildən bu yana təsadüf etmir. Sonuncu ciddi nailiyyət Afina Yay Olimpiya Oyunları ilə bağlıdır ki, burada güllə atıcısı İradə Aşumova və stend atıcısı, Sidney Yay Olimpiya Oyunlarının qalibi Zemfira Meftəhəddinova 39 nəfərlik olimpiya yığmamızın aktivinə bürünc medallar yazıb.
Azərbaycan idman uğurları ilə İslam ölkələri arasında da liderlər sırasındadır. Olimpiadalardakı nəticələrə baxsaq, biz burada yalnız Türkiyə, İran və yenə də Qazaxıstandan geri qalırıq. Bu günədək üç dəfə təşkil olunan İslam Həmrəyliyi Oyunlarında təmsilçilərimiz üst-üstə 10 qızıl, 13 gümüş və 16 bürünc medalla ümumkomanda hesabında ilk onluğu qapayır. Bir faktı nəzərinizə çatdıraq ki, ölkəmiz bu yarışda digər aparıcı İslam ölkələri kimi əsasən əvəzedici idmançılarla çıxış edir. Sayca dördüncü analoji yarışın gələn il məhz paytaxtımızda təşkil olunması da göstərir ki, Azərbaycan idmanı İslam ölkələri arasında xüsusi mövqe və çəkiyə malikdir.
Təşkilatçılıqdan söz düşmüşkən, beynəlxalq arenada qazanılan bəhs etdiyimiz bu nailiyyətlərlə yanaşı, ölkəmiz son illər nüfuzlu və kütləvi idman tədbirlərinin təşkilatçılığına yiyələnməklə də "idman ölkəsi" imicini təsdiq edə bilib. Çox uzağa getməyək, ötən il tarixdə ilk dəfə təşkil olunan "Bakı-2015" Avropa Oyunları və ötən həftəsonu baş tutan Formula-1 üzrə Avropa Qran Prisi bu baxımdan müqayisəli təhlil apardığımız hər iki çevrədə fərqlənmək üçün kifayət qədər ciddi faktdır. Bundan başqa, ayrı-ayrı vaxtlarda ölkəmizdə güləş və boks üzrə dünya çempionatları, taekvondo üzrə Avropa çempionatı, cüdo üzrə Beynəlxalq Federasiyanın dövrü yarışlarından olan nüfuzlu Qran-Pri və "Böyük Dəbilqə" turnirləri, "Tour de Azerbaijan" velosiped yarışı, o cümlədən digər irili-xırdalı beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirilib ki, bu da idman təşkilatçılığında yetərli səviyyəyə çatmağımız anlamına gəlir.
Sahib ƏSƏDBƏYLİ
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.