
Monteneqronun Budva şəhərində 15 yaşadək boksçular arasında keçirilən Avropa çempionatının üçüncü yarış günündə Azərbaycan millisinin daha 3 üzvü qələbə qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Onur Qurbanov (42 kq) 1/4 finalda Arkan Zoubi (İsrail) ilə qarşılaşıb.
O, döyüşü 5:0 (29:29, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə xeyrinə bitirib. Azərbaycanlı boksçu yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Qurbanov finala gedən yolda Mason Lonqla (İngiltərə) üz-üzə gələcək. Döyüş oktyabrın 24-də olacaq.
Sərxan Haqverdiyev (63 kq) 1/8 finalda Rikardo Karabası (Avstriya) sınağa çəkib. Ona rəqibini mübarizədən kənarlaşdırmaq üçün cəmi 57 saniyə kifayət edib. Haqverdiyev tam üstünlüklə qalib gəlib və 1/4 finalda David Yuldaşevə (Ukrayna) rəqib olub.
Nurlan Müseyibli (66 kq) də 1/8 finalda Mixael Nikolayenko (İsrail) ilə görüşün taleyini birinci raundda həll edib. Tam üstünlüklə qələbə qazanan milli üzvü növbəti görüşündə Vladimir Versesjanla (Estoniya) döyüşəcək.
Hər iki boksçu 1/4 final görüşünə oktyabrın 23-də çıxacaq.
Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışın Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.