"Barsa”mın və Süleymanovun zəfəri, "Batenka"ya son saniyə şoku
Avropada daha bir futbol mövsümünə yekun vuruldu. Qitənin ən nüfuzlu klub turnirinin qalibi müəyyənləşdi. Bu, uzun illərdir azarkeşlik etdiyim "Barselona” oldu. "Yuventus”la Berlindəki Olimpiya stadionundakı final həqiqətən finala layiq matç idi. Gərgin, maraqlı mübarizə, hakimliklə bağlı mübahisəli anlar. Həqiqətən də türkiyəli FİFA referisi Cüneyt Çakırın verdiyi qərarlar birmənalı qarşılanmadı. Ancaq istənilən halda, bu, "Barsa”nın qələbəsinə kölgə salmamalıdır. Lionel Messi və onun komanda yoldaşları ÇL-nin qalibi olmaya layiq idilər və onlar Avropanın ən güclü komandası olduğunu sübut etdilər.
"Qızıl üçlük" və kuboka birdəfəlik sahiblik
Razılaşın ki, bu mövsüm nəinki "Barsa”mın, ümumiyyətlə, Avropada əsas qəhrəmanlar Messi-Neymar-Suares üçlüyü oldu. Əvvəlcə Neymar, daha sonra Suares komandaya gələndə, bir çoxları ispanları bi transferlərə görə qınadılar. Deyirdilər ki, Messi olan yerdə bunlar nəyə lazımdır, digər cənubi amerikalı hücumçular argentinalı "ulduz”un kölgəsində qalacaqlar. Ancaq bu üçlüyün bir-birinə mane olacağını deyənlər yanıldılar. Əksinə, onlar bütün Avropanı onlaq haqda yaxşı mənada danışmağa məcbur etdilər. Başa çatan mövsümdə bütün turnirlərdə 122 dəfə fərqlənən bu "qızıl üçlük" "Yuventus”dan çox qol vurdu. "Barsa” finalda da 3 qol vurdu, Suareslə Neymar yenə fərqləndilər. Görünür. Messinin bu dəfə qol vurmamasında bir rəmzi məna vardı. Hər halda, Lionel, Suareslə Neymarın rəqib qapısına yol tapdığı epizodlarda bilavasitə iştirak etdi, məhsuldar ötürmə müəllifi oldu. Hərçənd, ÇL-də "Real”lı Kriştianu Ronaldo kimi 77 qol vuran Messi finalda da fərqlənsəydi, turnirin bombardiri olacaqdı. O, turniri 4-cü dəfə qazandısa, hücumdakı tərəfdaşları Neymarla Suaresin ilk dəfə buna nail olmaları da qeyd olunmalıdır.
"Barsa” turnirin 5-ci dəfə qazanmaqla, kuboku birdəfəlik muzeyinə aparmaq hüququna malik oldu. Özü də kataloniyalılar onun 4-də ÇL-nin (Çempionlar Kuboku 1992-ci ildən belə adlanır) qalibi olub. "Barsa” bu göstəricidə turniri ən çox – 10 dəfə qazanan barışmaz rəqibi "Real”a çatdı. "Kral klubu” da turnir ÇL adlananda 4 dəfə onun qalibi olub. "Barsa”da son oyununu keçirən, 1998-ci ildən onun şərəfini qoruyan, ikinci hissədə Andres İntesyanın əvəzinə meydana çıxaraq sarğını ondan təhvil alan 35 yaşlı əfsanəvi Xavi Ernandesin kuboku kapitan kimi başı üzərinə qaldıraraq getməsi lap yerinə düşdü
Bravo, "Yuve"
Əlbəttə, hələ Alessandro Del Pyero oynadığı vaxtdan simpatiyam olan "Yuventus”a "bravo" deməliyik. Gəlin, onu unutmayaq ki, turnirin son qalibi olan "Real”ı finala məhz "Yuve” qoymadı. Bu komanda 2006-cı ildə B seriyasına göndərilməsindən sonra Avropada ən yaxşı mövsümünü keçirdi. Onun liderlərindən olan Andrea Pirlonun oyundan sonrakı göz yaşları çox təsirli idi. O, qapıçısı, kapitanı Canluicci Buffonla birgə elə bu arenada 2006-cı ildə İtaliya yığmasının heyətində Fransa ilə final matçında qalib gələrək dünya çempionu olmuşdu. Ancaq "Milan”la 2 dəfə (1-də elə "Yuve”yə qalib gələrək) Andreaya 2011-ci ildə oynadığı "Yuve”ylə bu qələbə həyəcanını yaşamaq nəsib olmayıb. Kim bilir, bu, bəlkə də 36 yaşlı Pirlonun son şansı idi...
"Yuve”nin fanatı olan bir sıra həmkarlarıma, xüsusilə də bu həftə ad günlərini keçirən Firuz Abdulla, Kenan Mastaliyev və Rashad Mammadova üzülməməyi tövsiyə edərdim. "Qoca Sinyori” qalib gəlsəydi, onlara səmimi təbriklərimi çatdıracaqdım. Ancaq görünür, təbrikləri almaq növbəsi hələ ki mənim, "Barsa”lılarındır. Mən də öz növbəmdə həmkarım, "Barselona”nın fanatı kimi tanınan, elə bu mövsüm "Nou Kamp”da ÇL-də oyunu canlı izləmək xoşbəxtçilyi nəsib olan Farid Ramazanova təbriklərimi çatdırıram. Onun finalı "Yuve”nin fanatı olan həmkarı Ismayil Abdullayevlə birgə şərh etməsi, bu zaman yaşanan anlar xüsusilə maraqlıdır.
"Çempion"da çempion kim oldu?
Həmkarlarımızdan söz düşmüşkən, Vüsal Süleymanov və Ceyhun Aliyevdən də danışmaq istərdim. Məsələ ondadır ki, onlar İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Kolizey İnşaat"ın baş sponsorluğu və Sportnet.az-ın informasiya dəstəyi ilə Çempionlar Liqası ilə bağlı keçirilən"Çempion” yarışmasının finalçıları idi. Ceyhun "Barsa”nın 2:1, Vüsal 3:1 hesablı qələbəsini proqnoz vermişdi. Hər şey dostum, jurnalistikaya birgə gəldiyim Əliyevin xeyrinə gedirdi. Çakır ikinci hissəyə əlavə etdiyi 5 dəqiqə bitəndən sonra hesab 2:1 idi. Ancaq əlavə vaxtda da oyun dayandığından baş hakim mübarizənin daha 1 dəqiqə getməsinə imkan yaratdı. Və məhz bu zaman Neymar vurduğu qolla hesabı 3:1 etdi və "Batenka” kimi tanınan Ceyhuna son saniyələr şokunu yaratdı. Bu isə deməkdir ki, qalib Süleymanov, ANS-dən olan həmkarmız Vüsal oldu. 3:1 hesabını sevən, onun hesabına məni də üstələyən həmsoyadımı təbrik edirəm. Çempiona uduzmağımla təsəlli tapa bilərəm. "Batenka”mıza isə üzülməməyi, mənim aləmimdə onun ən güclü oyunçulardan biri olduğunu demək istəyirəm. Yarışmanın təşkilatçılığı olan Elshan Mamedova bir daha minnətdarlığımı bildirərək, qaliblərin təqdimat mərasimini gözləyirik. Maraqlıdır ki, yarımfinalda mənə qalib gələndən sonra "Barselona”nın Vüsalın komandası olduğunu nəzərə alsaq, bu yarışmanın da qalibi Katoniya təmsilçisi oldu.
Tiflisə İspaniya finalına getmək lazımdır
Bəli, ÇL-də ardıcıl 2-ci mövsüm qalib İspaniya nəhəngi oldu. İndi bütün diqqətlər avqustun 11-də keçiriləcək UEFA Superkuboku oyununa yönəlib. Burada da İspaniya finalı olacaq. "Barsa” Avroliqanın qalibi, İspaniya Primerosundan çox yaxşı tanıdığı "Sevilya”nı sınağa çəkəcək. Oyunun isə qonşuluğumuzda, Tiflisdə ”Dinamo Arena”da keçirilməsi bizə matçı izləməyə böyük stimul yaradır. Hər halda, azərbaycanlı futbolsevərlər, azarkeşlər, idman jurnalistləri üçün belə gözəl fürsət yüz ildə bir dəfə ələ düşür. Mən isə Gürcüstanla sərhədə ən yaxın bölgənin – Qazaxın təmsilçisi kimi gərək bu tarixi finalı mütləq izləyim. Necə deyərlər, sağlıq olsun...
Mehman SÜLEYMANOV