
Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası bu gün Avropa çempionatında qrup mərhələsinin II tur matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib yarış təşkilatçılarından olan Belçika yığması olub.
Antverpen şəhərindəki "Merksem Lotto Arena" təşkil olunan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. Millimiz ilk setdə 17:25, ikincisində 20:25 hesabı ilə yenilib. Yalnız sonuncu setdə rəqibinə ciddi müqavimət göstərən Bülent Karslıoğlunun komandası sonda məğlubiyyətlə barışmalı olub - 25:27.
Beləliklə, B qrupunda Türkiyədən sonra Belçikaya da eyni hesabla yenilən yığmamız ümidini sabah Macarıstanla keçirəcəyi görüşə bağlayıb. İlk turda Belçikaya 0:3 hesabı ilə uduzan Macarıstan bu gün Bakı vaxtı ilə saat 22:00-da Türkiyəyə rəqib olacaq. Millimiz yalnız son sınağından qalib ayrılacağı halda, Çexiya, Serbiya, Almaniya və Rumıniyanın yer aldığı D qrupunda 2-ci yeri tutan komanda ilə 1/4 finala vəsiqə uğrunda görüşə çıxacaq. Qrupda sonuncu yeri tutan komanda isə mübarizəni dayandırmalı olacaq.
Avropa çempionatı
B qrupu
19:00. Belçika - Azərbaycan - 3:0 (25:17, 25:20, 27:25)
Hakimlər: Stefano Sezare (İtaliya, Kor van Qompel (Belçika)
Antverpen, "Merksem Lotto Arena"