"Bizi ağır və gərgin oyun gözləyir. Ciddi rəqibə qaşrı oynayacağıq. Rəqib qələbə qazanıb qrup məsələsini həll etmək istəyir. Biz də əlimizdən gələni edəcəyik ki, nəticə qazanaq". Sportnet.az-ın məlumatına görə, bunu AVRO-2016-nın seçmə qrup mərhələsində İtaliya ilə Bakıda keçiriləcək görüşdən öncə yığma komandanın kapitanı Rəşad Sadıqov deyib.
Daha sonra futbolçu jurnalistlərin suallarını cavablandırıb:
- Xorvatiya ilə Bakıda heç-heçə etmək bizim üçün sürpriz nəticə sayılır. Bu sürpriz İtaliyaya qarşı etmək mümkündür?
- Bəli, futbolda hər şey mümkündür. Qarşımıza məqsəd qoymuşuq ki, məğlub olmayaq. RƏqibi əks hücumlarda tutub qələbə qazanmaq istəyirik.
- 100-cü oyununda qələbə qazansan demək olar ki, karyeranın ən yadda qalan olacaq?
- Təbii ki, bu oyunda qələbə qazansaq bu oyun mənim üçün yadda qalmaya bilməz. Düşünürəm ki, bərabərlik olsa belə bu bizim üçün yaxşı nəticədir.
- Son zamanlar mətbuatda sənin gücünün tükənməyin, qocalmağınla bağlı xəbərlər yayılıb. Necə fikirləşirsən, 120, 140-a çatmaq olar?
- 1-2 nəfərdən eşitmişəm. Ancaq belə şeylərə fikir vermirəm. Amma futbolçu üçün 33 yaş qocalıqdır. Baxmayaraq ki, həyatda bu yaş cavan yaşdır. Ancaq o rəqəmləri deyə bilmərəm. Tsikl qurtarandan sonra bu haqda fikirləşəcəm. Düşünürdüm ki, 100-cü oyunum, ümumiyyətlə bu tsikl mənim üçün sonuncu olacaq. Bilmirəm həmin oyuna lazım olacam, ya yox, amma inamla çıxış etmək komandaya kömək etmək lazımdır. 2-3 ay əvvəl baş məşqçi ilə söhbətimdə dedim ki, istəyirəm bu mənim üçün son tsikl olsun. Amma baş məşqçi mənə tələsməməyi dedi. Yavaş-yavaş yaş öz sözünü deyir. Həm 2 il ardarda Avropa Liqası, çempionat oyunları və yığmanın çıxışları sıx qrafik yaratdı. Düşünürəm ki, həm özüm, həm də komandam üçün ən düzgün qərarı verəcəm.
- 2002-ci ildə milli komanda İtaliyaya qarşı baxımlı futbol sərgiləmişdi. Bu iki yığma komandanı necə müqayisə edərdiniz?
- Fərq çoxdur. O vaxt təcrübəli futbolçular çox idi, indi isə əksəriyyəti gəncdir. O vaxtkı İtaliya da daha təcrübəli idi. Bugünkü rəqib isə yığcam, kombinasiyalı futbola üstün verən bir komandadır. Xatırlayıram ki, o oyun çox danışıldı. Əlimizdən gələni edəcəyik ki, bu da yadda qalsın.