Futbol üzrə AVRO-2016-nın daha bir ilk "play-off" oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, Bosniya və Herseqovina millisi Zenitsada yerləşən "Bilino polye" stadionunda İrlandiyanı qəbul edib.
Dumanlı hava şəraitində keçirilən görüşdə qalib müəyyənləşməyib. Oyunun sonlarında əvvəlcə qonaqlar, sonra isə meydan sahibləri fərqləniblər. Beləliklə, ardıcıl 2-ci "pley-off" matçı meydan sahibləri üçün sərfəli hesabla nəticələnməyib. Daha öncə Norveç evində Macarıstana uduzub - 0:1.
Meydan sahiblərinin heyətinə Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçu da çağırılıb. Bunlar "Qarabağ"ın qapıçısı İbrahim Şehiçlə "Qəbələ"nin hücumçusu Ermin Zetsdir. Lakin Zets zədəli olduğu üçün heyətdən çıxarılıb. Şehiçin isə ehtiyatda qalacağı gözlənilir.
Bosniya və Herseqovina yığması seçmə mərhələdə B qrupunu Belçika və Uelsin ardından 3-cü pillədə tamamlayıb. Almaniya və Polşadan geri qalan İrlandiya isə D qrupunun 3-cüsü kimi "play-off"a vəsiqə qazanıb.
AVRO-2016, "play-off" mərhələsi
23:45. Bosniya və Herseqovina - İrlandiya - 1:1
Qollar: Edin Ceko, 85 - Robert Bredi, 82
Baş hakim: Feliks Brix
Hakim köməkçiləri: Mark Borş, Stefan Lapp
Dördüncü hakim: Torsten Siffner (hamısı Almaniya)
Qeyd edək ki, cavab görüşü 3 gündən sonra İrlandiyada keçiriləcək.