
Futbol üzrə Azərbaycan millisi bundan sonra bütün ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. Sportnet.az xəbər verir ki, bu barədə "ATV idman"a AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
O,Bakıda keçiriləcək 17 yaşadək futbolçuların Avropa Çempionatından, müzakirəsi davam edən Dövlət Proqramından danışıb, klublara qənaətcil olmağı məsləhət görüb.
Baş katib bildirib ki, mayda baş tutacaq qitə çempionatının təşkili və keçirilməsinə elə də çox xərc çəkməyəcəklər. Çünki 2012-ci ildə AFFA və dövlət tərəfindən tikilmiş stadionlardan istifadə olunacaq, inzibati xərclər isə UEFA tərəfindən ödəniləcək.
Məmmədov millinin bütün ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməsinə dair qərarı isə AVRO-2020 ilə əlaqələndirib: "Bu arena çempionatın 4 oyununu qəbul edəcək. O vaxtadək azarkeşlərimiz stadionu tam öyrənməlidirlər. Orada nə qədər çox oyun keçirsək, bu, o qədər də yaxşı olar".
Baş katib 2015-ci ilin 3-cü rübündən etibarən qənaət prosesinə başladıqlarını söyləyib. O, bəzi layihələrə son qoyduqlarını deyərək, klublarda da devalvasiya ilə əlaqədar problemlərin olacağını bildirib: "Millimiz artıq əvvəllər olduğu kimi, mehmanxanada deyil, Mərdəkandakı təlim-məşq bazasında məskunlaşır. Klublar gəlirləri manatla əldə edirlər. Onların bəzi futbolçulara əmək haqqını dollarla ödəmələri çətin olacaq".