
Azərbaycanın təcrübəli mütəxəssislərindən olan Ağasəlim Mircavadov Sportnet.az-a müsahibəsində Çempionlar liqasının II təsnifat mərhələsinin "Qarabağ”la Malta "Valletta”sı arasında keçirilmiş cavab görüşü və növbəti mərhələdəki rəqib Avstriya "Zalsburq”u haqda danışıb...
- "Qarabağ”ın "Valletta”ya qarşı cavab oyununu bəyəndiniz?
- Normal. Hiss olunur ki, oyunu artırıblar. Hesab da var. Mən ilk növbədə, komandanın oyununa baxıram. Hesab isə özü gələcək. Ancaq "Zalsburq”la oyunda uşaqlar artırmalıdırlar.
- Rəqib futbolçulardan 2-si qırmızı vərəqə almasaydı, hesab başqa cür ola bilərdi?
- Gəlin, belə danışaq, qırməzı vərəqə nədən oldu?! Özbaşına olmadı ki? "Valletta” məcbur etdi ki, olsun. Onların neçə nəfər qalmasının fərqi yoxdur, əsas məsələ odur ki, oyun normal keçdi. İrəlləyiş hiss olunurdu. Ancaq "Zalsburq”la bambaşqa oyun olmadılır. Biz artıq "Zalsburq”la matç haqda fikirləşməliyik. "Valletta” bitdi. Klub rəhbərliyi də, məşqçilər də, fubolçular da bilirlər ki, "Zalsburq” Malta təmsilçi kimi deyil. Artıq sürət artmalıdır. Bu oyun onlara çox şey vəd edir: üzümüzə Avropanın qapısını aça bilər. "Qarabağ" tempi tutmalıdır, lakin öz oyununu sərgiləməsi şərti ilə. Əks halda, çətin olacaq.
- "Qarabağ” öz meydanında "Zalsburq”a qarşı necə oynamalıdır ki, cavab oyunu üçün üstünlük əldə etsin?
- "Zalsburq” "Valletta” deyil ki, üstünlük olsun. Burada qalib gəlsək, "Zalsburq" öz meydannda oyunu daha çox hücum üzərində quracaq. Belə olan halda da müdafiədə boşluqlar yaranacaq. "Qarabağ” isə müdafiədə oynayıb, əks-hücumdan yararlanmağı yaxşı bacarır. Birinci oyunun mahiyyəti böyükdür.
- Doğurdanmı Qurban Qurbanov zədə bəhanəsi ilə Rəşad Sadıqovla Maksim Medvedevi gizlətmişdi?
- Onu mən bilmirəm. Ancaq mən biləni Rəşadın doğrudan da zədəsi vardı. Hətta yğımada belə oynamadı.
- Sizcə, "Qarabağ”ın yeni oyunçulara ehtiyyacı varmı?
- Transfer məsələsi komandanın daxili işidir. Lazım olub-olmadığını komandanın məşqçilər korpusu daha yaxşı bilər.
- Sizcə, "Qarabağ”ın heyətində hansısa mövqedə çatışmazlıqlar var?
- Var, çatışmazlıqlar olacaq. Təbiidir. Çünki "Qarabağ" pik formada deyil. Heyətə çağırılmış cavan uşaqlara da inam lazımdır. Meydana buraxmaq lazımdır ki, püxtələşsinlər.
- Çempion olan "Qarabağ”la Çempionlar Liqasında oynayan "Qarabağ”ın oyununda fərq var?
- "Qarabağ”ın gücünü o halda görə bilərik ki, güclü rəqibi olsun. Bizim çempionatda elə oyunlar var ki, yüngüldür. O komandaları bir ayaqla da udmaq olar. Hazırda Rəşadın da olmaması komandaya təsir göstərə bilər. Təcrübəli oyunçudur, aranı sakitləşdirir, liderdir, kapitandır, sözünü dinləyirlər. Avropa miqyaslı oyunlarda da komandaya liderlər lazımdır ki, oyun zamanı o liderlər birləşərək, komandaya uğur qazandırsınlar. Bu, qanundur.
- "Zalsburq”u necə komanda kimi dəyərləndirərdiniz?
- Mən bir neçə il öncə "Zalsburq”u yaxından izləmişəm. Şəxsi məsələlərlə əlaqədar Zalsburq şəhərində idim. Yoldaşalar dedilər ki, yaxınlıqda stadion var, turnir keçirilir. Getmişdik oyunlara baxmağa. Stadionu da yolun kənarındadır. Çox böyük və gözəl stadiondur. Bu komanda həmin vaxt Rumıniya "Styaua”sı ilə oynayırdı. Deyəsən, 3:0 hesabı ilə də uddular. Hətta turnirin qalibi də olmuşdular. Televiziya vasitəsilə Türkiyə klubu ilə yoldaşlıq matçını da izləmişdim. Bambaşqa bir komandadır. Ancaq indi hansı gücə malikdir, onu bilmirəm. Hazırda bu klub haqda elə də məlumatımız yoxdu. Məlumat yaxşı şeydir. Məsələn, dünənki oyuna "Zalsburq”un baş məqşçisi gəlib, "Qarabağ”ın oyununu öyrənməyə, təhlil etməyə çalışırdı. Mən həmişə "Qarabağ”a inanmışam. Düşünürəm ki, "Qarabağ” "Zalsburq”u keçə bilər.
- Sizcə, ilk oyunun hesabı neçə ola bilər?
- Yox, hesab deyə bilmərəm. Mənim üçün əsas oyundur. "Qarabağ” ilk olaraq oyun tempini, sürəti artırmalıdır. Topla, başla çox işləməlidir. Həmçinin, qol imkanlarından maksimum yararlanmalıdır.
Röya KƏRİMLİ