"Sərhədçi” Olimpiya İdman Mərkəzində Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri” beynəlxalq turnirinin rəsmi açılış mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, mərasimdə əvvəlcə incəsənət ustalarının iştirakı ilə konsert proqramı olub.
Sonra iştirakçı komandaların bayraqları səhnəyə gətirilib. Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov ümid etdiyini bildirib ki, artıq 7-ci ildir keçirilən "Qızıl Qran-Pri”nin əvvəlkilər kimi Azərbaycan güləş tarixində daim xatırlanacaq yarışlardan biri olacaq.
FİLA prezidenti Nenad Laloviç bildirib ki, "Qızıl Qran Pri" ali qurumun təqvim planındakı ən güclü yarışıdır.
Daha sonra çıxış edən Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev artıq 7-ci ildir keçirilən bu mötəbər yarışın təşkilini Azərbaycana etibar etdiyinə görə FİLA rəhbərliyinə minnətdarlığını bildirib. O, son illər Azərbaycan güləşçilərinin bütün mötəbər beynəlxalq yarışlardan, Avropa və dünya çempionatlarından yüksək əyarlı medallarla qayıtdıqlarını xatırladaraq, deyib ki, qazanılan bu uğurlar ölkəmizdə güləşin yüksələn xətt üzrə inkişafının daha bir göstəricisidir: "Əminəm ki, dünyanın 35 ölkəsindən 400-dək idmançının iştirak etdiyi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sayca 7-ci "Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsi ədalətli idman mübarizəsi şəraitində keçəcək, güləşçilərimiz gözəl nəticələr göstərərək, bu dəfə də Ulu Öndərimizin xatirəsini uca tutacaq, qonaqlarımız isə ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar".
Çempionatda iştirak edən idmançılara uğurlar arzulayan N. Əliyev yarışı açıq elan edib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsi ilə yarışların təntənəli açılış mərasimi başa çatıb.