
Azərbaycan milli komandasının Özbəkistan yığması ilə avqustun 20-də keçirəcəyi oyun üçün heyəti dünən açıqlandı. Aydındır ki, bu, bir yoxlama oyunudur və burada eksperiment aparılması normaldır. Heyətə baxdıqda, xeyli yeni futbolçu görməyimizi də normal qarşılamalıyıq.
Amma daim çağırılan əsas heyət üzvləri də "göz qamaşdırır”. Məsələn, ötən il "Bakı” ilə heç bir titul və medal qazanmayan Cavid Hüseynov, Əfran İsmayılov, Rauf Əliyev kimi oyunçular çağırılanlar arasındadır. Bunlardan başqa Avropa Liqasında çıxışını dayandıran "İnter” və "Qəbələ”dən 7 futbolçu dəvət olunub. Mən bu klubların avrokubok oyunlarını izlədiyimdən, yalnız 2 yerli oyunçunu fərqləndirə bilərəm: "Qəbələ”dən Elnur Allahverdiyev, "İnter”dən isə Elvin Məmmədov. Allahverdiyevin yüksək əzmkarlığını, Məmmədovun əla texnikasını və kondinsiyasını qeyd etmək olar. Elnur yenidən yığmaya dəvət alsa da, Elvin çox güman ki, zədəsini yeni sağaltdığından, çağırılmayıb. Digər dəvət alan "avrokubok oyunçuları” bu yarışlarda ya heyətə düşməyib, ya da səhvləri ilə yadda qalıb.
O zaman sual meydana çıxır: Bu futbolçularla hansı nəticə əldə etmək olar ki, Foqts bunları yığmaya çağırır? Cavab yəqin ki, futbolumuzdan az-çox məlumatı olanlara aydındır: Çünki alternativ yoxdur.
* * *
Heyətdə diqqət çəkən məqamlardan biri də çoxlu legionerin olmasıdır. Düzdür, indiki dövrdə millidə əcnəbilərin oynaması tamamilə normaldır. Çünki dünyanın ən güclü yığmaları bu üsuldan istifadə edir. Məsələn, 1998-ci ildə dünya çempionu olmuş Fransa yığmasında, səhv etmirəmsə, cəmi 2 fransız olub. Bir anlıq həmin heyəti Əlcəzair əsilli Zidansız, bask əsilli Bartezsis, Lizarazyusuz, lap elə erməni əsilli Corkayevsiz təsəvvür edin. Bu futbolçularsız Fransa Dünya Kubokunu götürə bilərdimi?
Yaxud Hitler hakimiyyəti dövründə xalqı nasist, yəni millətçi olan Almaniya dövlətinin son dünya çempionatında qalib gələn yığmasının heyətinə baxaq. Türk əsilli Məsut Özil, Tunis əsilli Xedira, Polşa əsilli Miroslav Kloze, Lukas Podolski, alban əsilli Şkodran Mustafi, Qana əsilli Jerom Boatenq. Bu futbolçular Almaniyanın çempionluğunda əvəzsiz rol oynadılar. Yəni, "Azərbaycan yığmasında yalnız azərbaycanlılar oynamalıdır” fikri düzgün deyil. Xüsusən, səviyyəli yerli futbolçunun qıt olduğu indiki dövrdə bu düşüncə, belə yanaşma ümumiyyətlə qəbulolunmazdır.
Amma legionerlərin cəlbində tənqid olunası məqam da var. Təbii ki başqa istiqamətdə. Söhbət onların səviyyəsindən gedir. Heç kimin tanımadığı, səviyyəsi bizimkilərdən xüsusi bir şeylə fərqlənməyən bu futbolçuları gətirilib yığmaya "dürtməy”in nə mənası var?
Amma bir məqam da var. Məsut Özil Türkiyəni yox, Almaniya yığmasını seçməyini məhz iki komanda arasındakı səviyyə fərqi ilə izah etmişdi. Bu baxımdan, ortabab legionerlərin dəvəti müəyyən mənada başadüşüləndir. Çünki güclü legioner güclü yığmanı seçir.
Lakin anlaşılmaz məqamlar da var. Məsələn, Reynaldo niyə yığmamıza dəvət almır? Mətbuatın dəfələrlə yazmasına, futbolçunun özünün oynamaq istəyi barədə işarə vurmasına baxmayaraq, hələ bu məsələyə reaksiya verilmir. Hətta Foqts da buna etiraz etmədiyini bildirib. Az qala dünyanın bütün yığmalarında braziliyalı var. Bəyəm bizim komanda İspaniyadan güclüdür? Onların Fernando Torres, David Vilya, Sesk Fabreqas kimi hücumçuları ola-ola braziliyalı Dieqo Koştanı İspaniya yığmasına cəlb etdilər. Bizdə neçə hücumçu var? Bir dənə Rauf Əliyevdir, o da zədə alsa, nə edəcəyimiz bilinmir.
* * *
Reynaldodan başqa daha bir futbolçunun adını çəkə bilərəm ki, onun da yığmaya çağırılması vacibdir. Yəqin çoxunun xatirindədir. Bir müddət əvvəl Eddi İsrafilov adlı futbolçu yığmaya çağırılmışdı. Amma pul istədiyindən, bizdə hesab etdilər ki, yığmaya pulun xatirinə gələn futbolçu lazım deyil. Hələlik onun pul istəməsinə bu tip münasibəti bir kənara qoyub İsrafilovun səviyyəsi barədə təsəvvür yaradaq. Çünki oyununu görməmişik. Deməli, 1992-ci il təvəllüdlüdür. Avropada "lipa”laşdırmanın olmadığını nəzərə alsaq, bu yaşın futbolçunun əsl yaşı olması qənaətinə gələrik. Yəni, futbolçu hələ inkişafdadır və səviyyəsini xeyli artıra bilər. Bundan başda İsrafilov İspaniya çempionatının Sequndasında, yəni səviyyəcə ikinci liqasında oynayır. İspaniya isə Avropanın klub reytinq sıralamasında İngiltərəni və Almaniyanı xeyli qabaqlayaraq birinci yerdə gedir. Sequnda və Azərbaycan Premyer Liqasından (APL) hansının Primerodan daha çox geri qalması, zənnimcə, müzakirə mövzusu deyil. İsrafilovun oynadığı liqa APL-dən qat-qat güclüdür. Belə çempionatda oynayan futbolçu da təbii ki, daha güclü olacaq. Üstəlik, bu, cəmi 22 yaşında inkişafda olan gəncdirsə.
O ki, qaldı onun pul istəməsinə, fikrimcə, bu normaldır. Əvvəla, ona görə ki, İsraifolov İspaniyada doğulub və bu ölkənin futbol məktəbinin yetirməsidir. Onun yalnız ana tərəfdən Azərbaycanla bağlılığı var. Bundan başqa, kim pulsuz oynayır ki?! Birdən o gəldi və ağır zədə aldı, onda nə olacaqdı? Bu futbolçudan pul istəməsinə görə imtina etmək və vətənpərvərlik tələb etmək, yumşaq desək, qeyri-peşəkarlıqdır.
Eddi İsrafilov barədə məlumat toplamaq üçün Googledə axtarış verdim. Vikipediyanin ispan dili bölməsində onun milliyyətini göstərən qrafada İspaniya, Azərbaycan və Anqola bayrağı var. Halbuki, bu gəncin yetişməyində Azərbaycanın hər hansı zəhməti olmayıb. Bundan başqa, adının üstündə ana soyadı gəzdirməsi də onun Azərbaycana yalnız pula görə bağlı olmamasından xəbər verir. Hətta o, oyun tərzinə görə sıradan biri olsaydı belə yığmaya çağırılan və azərbaycanlı olmayan futbolçulardan daha çox millimizdə oynamağa layiq idi. Çünki onun Azərbaycan kökü var.
Məgər yığmaya çağırılan və azərbaycanla bağlılığı olmayan legionerlər pulsuz oynayır? Yoxsa yerlilər pulsuz oynayır? Sizin Azərbaycanda doğulmayan, bəlkə heç bir dəfə də Azərbaycanda olmayan, üstəlik, yarı azərbaycanlı olan birindən vətənpərvərlik tələb etməyiniz nə dərəcədə düzgündür? Futbolçunun layiq olduğu məbləği ver və ondan oyun tələb elə, vəssalam! Zənnimcə Eddi tələb olunan pula dəyərdi. 11 dənə lazımsız, bizimkilərdən seçilməyən futbolçu çağırmaqdansa oyunu göz oxşayan Reynaldo, oynadığı çempionatın səviyyəsi xeyli üstün olan və milli kökü olan Eddi İsrafilov kimi futbolçuları dəvət etmək daha düzgün olardı.
Keyfiyyətə fikir vermək lazımdır, kəmiyyətə yox!
RAQİB