Faytonçu Nazim: "Azərbaycan Premyer Liqası mənə və ya həyat yoldaşıma maraqlı deyilsə, biz sadəcə, vaxtımızı itirəcəyik"
Sportnet.az fəaliyyətə başladıqdan sonra ilk qonağımız o oldu. Gəlişi də təsadüfi deyildi. "Sportşou" layihəmiz üçün müsahibə almaq istəyirdik. Söz verdiyi vaxtda gəlməyib ləngidikcə, "Yəqin elə faytonla gəlir" deyə bir-birimizlə zarafatlaşırdıq. Nəhayət, əvvəlcə zəngi gəldi. Ünvanı izah etdik. Sonra da özü gəldi. Faytonla yox, fayton kimi hündür maşınla... Bəli, bu, Faytonçu Nazim idi...
- Futbola marağınız bəllidir. Bəs ölkəmizdə və ya xaricdə tribunadan izlədiyiniz matç olubmu?
- Mən keçən il "Nou Kamp"da oldum və İspaniya çempionatında ilk turun "Barselona" – "Levante" qarşılaşmasını seyr etdim. Onu da deyim ki, həm məyus oldum, həm də böyük zövq aldım. Sevindim ki, "Nou Kamp"da – "Barselona"nın oyunundayam. Məyus oldum ki, mən elə yerdə oturmuşdum ki, "Barselona" 6 topu o başa vurdu, yalnız 2-ci hissədən sonra 1 qol görə bildim. Yadımdadır ki, 1-ci qolu Aleksis Sançes vurmuşdu, daha sonra Messi 2 qol vurdu səhv etmirəmsə. Oyundan sonra bir reportaj hazırladım. Oğlum çəkdi, mən danışdım. Həmin gün çox adam idman proqramında mənim səsimi eşitmişdi, özüm də şokda idim ki, mən idman şərhçisi kimi danışıram: "Bəli, hörmətli dinləyəcilərimiz, artıq "Barselona" – "Levante" oyunu bitdi, oyun sanki hokkey hesabı ilə başa çatdı - 7:0". Onu da deyim ki, bütün 90 dəqiqəni "Levante" müdafiədə, "Barselona" hücumda keçirdi. "Nou Kamp"a və stadiondakı insanlara valeh oldum. 99 min adam tutur stadion, hardasa 75 min tamaşaçı vardı orda. Deyin, tıxac oldu orda? Mən şokda idim. İnsanlar o qədər səliqə-sahmanla girib çıxırdı ki, tıxac yaranmırdı. Bir də o xoşuma gəldi ki, orada yerləşən mağazalardan birində forma gördüm, üzərinə Azərbaycan yazılmışdı, şəkil çəkmək istədim, yaxınlaşdılar ki, burda olmaz. Dedim ki, azərbaycanlıyam və burda mənim vətənimin adı yazılıb, qoymasanız, gizli də olsa, çəkəcəyəm. "Yaxşı çək" deyə icazə verdilər.
- Şou əhlinin oynadığı futbol matçında siz də olmusunuz…
- Keçən il mənə zəng etdilər ki, "Şəfa” stadionunda şou biznes nümayəndələri arasında futbol oyunu keçirilir. Soruşdular: "Nazim bəy, siz də oynamaq istərdiniz?" Dedim: "Hə, istəyərəm". "Facebook"da da elanları vardı. "Real Madrid"in forması çox xoşuma gəlir, ona görə orijinalını 287 euroya alıb, 22 nömrəli forma altında adımı yazdırmışdım. Dedim: "İstəsəniz o forma ilə gələ bilərəm". "Gətirin, amma forma verəcəklər" cavabını verdilər. Amma sonra mənə bir nəfər zəng vurub demədi ki, qardaş, sabah filan saatda ol "Şəfa"da, geyimin belə olacaq. Mənə deyən olmadı ki, oyun başlayır, sən hardasan? Bu nə idi: Mənim adımdan istifadə, yoxsa nə? Heç nə başa düşmədim. Bu il isə indi sizdən eşidirəm, mənə heç kim nə zəng vurub, nə də nəsə deyib.
- Azərbaycan futbolunu və Azərbaycan şou–biznesini müqayisə etdikdə hansı daha faciəvi görünür?
- Elə ikisi də faciəvidir. Mən "Neftçi"nin ulduzları İsgəndər Cavadov, Asim Xudiyev, Maşallah Əhmədovla çox yaxınam. Arada görüşüb, söhbətləşirik. Bizim klublarda - istər "Neftçi", istər "Xəzər – Lənkəran”, istər "Qəbələ”, istər "Bakı” olsun, yaşı pul, maaş verirlər, yaxşı şərait var. Yalnız oynamaq lazımdır, oynamırlar. Digər problem bizdə futbolu maraqlı şərh edənin olmamasıdır. Nikolay Ozerov, Vladimir Maslaçenko, Vladimir Pereturin, Çingiz İsmayılov kimi şərhçilərə ehtiyac var. Danışıqdan çox şey asılıdır, adamı vadar etməlidir futbolu izləməyə. Bəzən elə danışırlar ki, məcbur olursan oyunu Rusiya kanallarından izləməyə. Həmin telekanallarda isə elə şərhlər edirlər ki, futboldan anlamayan da izləyə bilir. Anamın 74 yaşı var, "Roma"nın oyunlarına oğlumla birlikdə baxır, onda da maraq yaranır. O şərhçi danışığı səni çəkir ki, otur bax. Şərhçilərimiz yoxdur. Necə ki mən Şövkət Ələkbərova, Gülağa Məmmədov, Rəşid Behbudov, Rübabə Muradova, Elmira Rəhimova, Mirzə Babayev haqqında o qədər danışaram ki, təəssürat yaranar sizdə. Biri də var indiki oxuyanlar "Yeni ulduz”, "Azəristar” yarışmalarından çıxanlar heç nə bilmirlər. Hansından soruşsan Şövkət Ələkbərova, Rəşid Behbudovdan başqa heç birini tanımırlar. Bir də futbola maraq yaratmaq üçün gərək məmurlarımızı ilk növbədə stadiona gətirsinlər. Oyunçu da fərəhlənməlidir ki, stadionda gör kim oturub. Nazirlərimiz, müavinləri, deputatlar, müğənnilər, digər vətəndaşlar, bir sözlə, hamı oyuna getməlidir. Amma maraqlı olmadığı üçün getmirlər. Elə stadion var ki, oyunu izləməyə bir nəfər də getmir, belə komanda olar? Gülməlidir də. Hə, bir də bizim oyunçularda nə var? O da bəlkə azərbaycanlı olduğumuzdan irəli gəlir. Gəlir, gəlir topu ötürmür, "Yox, özüm vurmalıyam" deyir. Halbuki birinci Azərbaycanı düşünməlisən, sonra özünü. Bizdə birinci özünü, sonra Azərbaycanı düşünürlər. Bu da var insanların psixologiyasında.
- Bəs, şou – biznes niyə faciəli gündədir?
- Şou-biznes ona görə bu gündədir ki, hamısı "Mən” deyir. Mən də deyirəm: "Yaxşı, sən". Sonra müəyyən şeylər var ki, bizdə inkişaf etməyib. Məsələn, bizdə prodüser məktəbi yoxdur. Əslində müğənniləri insanlara tanıdan, onları dünyada məşhur edən prodüsser mərkəzləri olub. Həmin o Şakiranı da, Cennifer Lopezi də Beyonsu da, Araşı da, Tarkanı da dünyaya tanıtdıran prodüserlər olub. Heç Tarkandan yaxşı oxuyan yoxdur? Var, sadəcə o insan prodüser məktəbində yetişmir. Amma bizim, ümumiyyətlə, prodüsser məktəbimiz yoxdur. Ona görə prodüsserimiz də yoxdur ki, dünyaya nəyisə, kimisə çıxartsın. Maksimum hara ola bilər – Türkiyə.
- Prodüser demişkən, Azərbaycanda keçirilən oyunlarda Şakira səhnə almışdı. Siz hansı oyunun açılışını etmək istərdiniz?
- "Barselona"nın! Əlbəttə, mən "Barselona"ya azarkeşlik edirəm və "Barsa"nın hazırki vəziyyətinə görə çox məyusam. Hazırda orada elə şeylər baş verir ki, özüm də anlamıram. Amma deyəsən, məşqçidədir problem, komanda da oynamaq istəmir. Bu, məni çox məyus edir. Bəlkə də "Barselona"nın sonuna doğru gedirik. Hər bir idmançının fəaliyyətinin başlaması və dayandırılması var. Bu yaxınlarda Barselonanın əvəzolunmaz müdafiəçisi Karles Puyol futbolçu karyerasını başa vurdu. Lionel Messi də çox getməyəcək. Ola bilsin, nə vaxtsa, 4-5 ilə o da dayanacaq. Ona alternativ olaraq "Barselona" braziliyalı oyunçu Neymarı gətirdi, "Real Madrid" də Kriştianu Ronalduya alternativ kimi neçə milyon pul verib İngiltərədən Qaret Beyli aldı. Düzdür, hələ ki heç biri Messi və Ronaldu qədər parlamır, amma 1 ilə öz sözlərini deyəcəklər, xüsusilə də Neymar. Çünki "Nou Kamp"da Messi və Neymarın adı çəkiləndə bir coşqu gəldi ki, elə bildim, stadion dağılacaq. Mədəniyyətimizlə bağlı sıçrayışlar edə bilmirik. Məsələn, İspaniyada və ya Barselonada "Mən azərbaycanlıyam" deyəndə, 100 nəfərdən 99-u soruşur: "Ora haradır?" Əgər Azərbaycanı ümumiyyətlə, tanımırlarsa onun mədəniyyətini, müğənnisini necə tanıya bilərlər? "Xəzər dənizi, Türkiyə, İran, Rusiyaya qonşu ölkəyik" deyəndə tanımağa başlayırlar. Az müddətdir ki, müstəqilik, dövlətimiz Azərbaycanı tanıtmaq üçün çalışır. Məsələn, gələn il I Avropa Olimpiya oyunlarına Azərbaycan ev sahibliyi edəcək. Bu, böyük bir rezonansdır. Gələn ay Bakıda bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Bunlar yaxşı nailiyyətlərdir. Hər ölkədən gələn komandanın azərkeşi də gəlir, gələ bilməyən də televiziya və internetlə izləyir. Bir gün müzakirə oldu ki, "Atletiko"ya o qədər pul verdilər, "Azerbaijan Land of fire” yazdırdılar, o pulu versinlər yetim-yesirə. Anlamırlar ki, "Atletiko" hər oyuna, Avrokuboklara çıxanda Azərbaycanın adı yazılır, hər stadionda 90000 adam varsa, görür. Bu da tanıtımın bir qoludur. Zamanla futbolumuz da düzələcək.
- Bəs Türkiyədə futbol klublarından hansını bəyənirsiniz?
- Türkiyə klublarından təbii ki, "Qalatasaray"a çox üstünlük verirəm. Səbəbini bilmirəm. Didye Droqba çox xoşuma gəlirdi, bəlkə ona görə. Cəld oyunçu olmasa da, cərimə zərbələrinin 80%-i qol olur. Bəzi dostları görürəm, "Beşiktaş”, "Fənərbağça”ya meyllidirlər.
- Azərbaycanlı futbolçular niyə xaricə transfer oluna bilmirlər?
- Çünki futbolçularımız ölkədən kənarda heç kim üçün maraqlı deyillər. Gərək idmançı maraqlı olsun ki, ona tələbat olsun. Ruslan Abışovdan başqa idmançılarımızın heç biri maraqlı deyil. İndi, məsələn, Avroliqada komandalar oynayacaqlar, görün, nə qədər insan gəlib baxacaq, xoşlarına gələn olsa, maraqlanacaqlar. Amma hələ ki, bizim oyunçularla maraqlanan xarici mütəxəssislər görmürəm. Bu da ondan irəli gəlir ki, biz komanda oyunlarında heç bir nailiyyət əldə etməmişik. Tək-tək güləşçilərimiz, karateçilərimizdən dünya çempionlarımız var, Eduard Məmmədov kimi. Amma komanda oyunu bizdə yoxdur. Elə millət olaraq da. Futbola gedəndə baxırsan ki, belə də azərkeş olar? Voleybolda bir az var, o da çoxunun baxırsan adı rus, soyadı azərbaycanlıdır. Məsələn, Şakira və Pike vətəndaş nikahındadırlar. Dünyanın 2 tanınmış ulduzu – biri idman, digəri mədəniyyət sahəsində, amma birləşiblər. Qoy, bizdə də hər hansı oyunçumuzun, üzr istəyirəm, məşuqəsi Britni Spirs olsun. Ən azından o bizim oyunçumuzdur. Məsələn, Vaqif Cavadov perspektivli oyunçumuzdur. Niyə də olmasın Britni Spirslə? Ən azından adımız hallanır və dünya səviyyəsinə çıxır. Ruslan Abışovun Rusiya "Rubin"inə transfer olması mənə ləzzət elədi. Azərbaycanın yetirməsidir, övladıdır. Bu gün onun hansısa xarici klubda oynamasına çox sevinirəm. Arda Turanı tanımıram, amma onun "Atletiko"da oynamağı ləzzət edir. Çünki ən azından türkdür, qanı qanımdandır. Həm də çox perspektivli hücumçudur. Türkiyəli futbolçularımızın Avropa klublarında oynamağı mənə ləzzət edir, qoy onların qiymətləri də qalxsın.
- "Qarabağ”ın çempion olmasını necə qarşıladınız?
- Özüm "Xəzər Lənkəran” azarkeşiyəm, çünki əslən lənkəranlıyam. Təbii ki, mən doğma "Xəzər”ə azərkeşlik etməliyəm. Amma o da son illər ürəkaçan oyunlar təqdim etmir. Vaxt vardı ki, "Xəzər” "Neftçi” ilə 1-ci yer uğrunda rəqabət aparırdı. İndi "Qarabağ” hamısını keçdi. Azərkeş kimi təbii ki, "Xəzər Lənkəran” ın qalib olmasını istərdim. Amma "Qarabağ” da mənimdir, "Qəbələ” də, "Bakı” da, "Neftçi” də, AZAL da. Hamısı bizim qardaşlarımızdır, komandalarımızdır. Amma bir balaca ayrıseçkiliyə qalsa, təbii ki, "Xəzər Lənkəran” ı həmişə çempion görmək istəyirəm.
- Mustafa Dənizli artıq komandadan uzaqlaşıb. Baş məşqçi postuna Mirça Rednikin qaytarılacağını deyirlər. Sizcə, bununla komandada nələr dəyişəcək?
- Kim gəlir, gəlsin, yaxşılığa doğru dəyişsin hər şey. Düzünü danışaq, musiqimizdə çox şey edə bilmədik. Bir-iki nəfəri çıxmaq şərtilə Azərbaycandan kənara çıxa bilmirik. "Eurovision” mahnı müsabiqəsində Eldar və Nigar qalib oldu, indi hardadırlar? Müəyyən zaman gəlib, getdilər. Bilirsiniz necə, məsələn, Azərbaycan millisinin baş məşqçisi Beti Foqts 10 il də məşqçi olsa, 5 il də olsa, Azərbaycan yenə də bu gündə olacaq. Çünki, Azərbaycan yığması Foqtsa maraqlı deyil. Pulunu alır, uçur gedir Almaniyada kef edir, oyuna az qalmış gəlir Azərbaycana. Bir az məşğul oldu, vəssalam. Halbuki, millimizdə heç də İsraildəkilərdən zəif oyunçu yoxdur. Biz istəsək, İsraili futbolda diz çökdürərik. Hərdən elə ölkələrin komandalarına uduzuruq ki, deyirsən, belə də yox da!
- Sizə elə gəlmirmi ki, bizdə də səhv var? Elə qardaş Türkiyədə ata oğlu, ana qızı ilə birgə stadiona matç izləməyə gedirlər, uşaq vaxtından futbolu sevdirirlər. Məsələn, siz ailəliklə futbola getmisiniz?
- Biz "Real"ın oyununa getmişik. Əgər bu gün Azərbaycan Premyer Liqası mənim və ya həyat yoldaşım üçün maraqlı deyilsə, biz sadəcə vaxtımızı itirəcəyik. Uşaq da valideynindən öyrənir. Şəxsən oğlum "Roma" klubunun azərkeşidir. Yaranmasından tutmuş hansı oyununda nə baş verir, hamısını bilir. Amma bizim komanda oyunlarını izləmir, xəbərsizdir. Yazmaq, yaymaq lazımdır. Məsələn, siz idman jurnalistisiniz. Daim yazırsınız, səs salırsınız, bunu davam etdirmək lazımdır.
- "Eurovision" mahnı müsabiqəsinin qalibi Konçita haqqında həm idmançılarmız, həm də müğənnilərimiz danışdı. Sizin fikriniz də maraqlıdır...