Noyabrın 16-da AVRO-2016-nın seçmə mərhələsində
Bakıda millimizlə üz-üzə gələcək Norveç
millisinin baş məşqçisi mətbuat konfransı keçirib. Sportnet.az-ın
məlumatına görə, Per Matias Hoqmo bəzi məqamlara aydınlıq gətirib.
Skandinaviyalıların baş məşqçisi ilk öncə heyət barədə danışıb. O, zədəli
futbolçuların olmasından şikayətlənib: "Zədəli futbolçularımın olması oyunumuza
təsir göstərəcək. FİFA reytinqində irəliləməyimiz isə komandamız üçün yaxşı hal
sayılmalıdı. Bu, inkişafdan xəbər verir. İndi qarşıdakı oyunlar üçün yaxşı
hazırlıq keçməliyik. İnanıram ki, irəlidə oynayacağımız matçlardan sonra ən azı
indiki mövqeyimizi qoruya biləcəyik”.
Hoqmo komandaya gənc
futbolçuların çağırılmasını isə belə izah edib: "Biz
daha çox sürətli futbola üstünlük veririk. Mats
Möller Deli və Martin Odeqar bizə kömək edəcək futbolçulardı. Onlara görə
narahat olmayın. Gəlin razılaşaq ki, Mats əvvəlki matçlarda heç də pis təsir
bağışlamayıb. Ən azından, onun çempionatda keçirdiyi oyunlara baxın, hər şeyi
görəcəksiniz”.
Qeyd edək ki, Azərbaycan – Norveç matçı 16 noyabr saat 21:00-da start götürəcək.