"Qarabağ” klubunun və Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Norveç yığması ilə keçiriləcək qarşılaşma barədə fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, futbolçu millinin Mahmud Qurbanovun rəhbəriliyi altında ilk matçının uğurlu olmasını istəyir.
Kapitan qarşıdan gələn oyun barədə fikirlərini bildirib: "Biz var gücümüzlə çalışacağıq ki, həmin oyunda yaxşı
nəticə olsun. Həm özümüz, həm də Azərbaycan adına. Eyni zamanda Mahmud
Qurbanovun millinin baş məşqçisi kimi ilk sınağının uğurlu alınmasını
istəyirik. Bunun fərqindəyik. Bəlkə də bu oyun Qurbanovun yığmada baş məşqçi
fəaliyyətini davam etdirməsinə səbəb ola bilər. O, çox təcrübəli insandır. 10-15
ilini millidə keçirib. Məşqçi kimi də yığmada təcrübəsi var. Problemlərimizin,
çatışmazlıqlarımızın harada olduğunu bilir. Düşünürəm ki, futbolçularla da çox
asan, rahatlıqla dil tapa biləcək. Çünki onların çoxunu yaxından tanıyır.
Məncə, onun təyin edilməsi düzgün qərardır və bu, millimizə də faydalı olacaq.”
Qeyd edək ki, Azərbaycan – Norveç matçı noyabrın 16-ı saat 21:00-da "Bakcell Arena”da keçiriləcək.