19 yaşadək futbolçulardan ibarət Azərbaycan
yığmasının baş məşqçisi Nikolay Adamın affa.az saytına müsahibəsi
- Elit-raunda vəsiqə qazanmağınız münasibəti ilə sizi təbrik edirik. Əvvəlcə qrupun son oyunu haqda fikirlərinizi bilmək istərdik.
-
Birinci hissədə uşaqlar yüksək səviyyədə çıxış etdilər. Bununla da onlar futbol
oynamağı bacardıqlarını sübuta yetirdilər. Təəssüflənirəm ki, seçmə mərhələ
çərçivəsində yalnız bir hissədə oyunumuz belə yaxşı alındı. Xüsusilə qeyd etmək
istərdim ki, oyunun ikinci hissəsində edilən əvəzetmələrdən sonra meydandakı
futbolçularımızdan 6 nəfəri 1997-ci il təvəllüdlülər idi. Bu o deməkdir ki,
həmin futbolçulardan gələn il keçiriləcək növbəti seçmə mərhələnin oyunları
zamanı da istifadə etmək mümkün olacaq.
-Fasilədən sonra birinci hissənin davamı niyə gəlmədi?
-
Bunu indi deyə bilməyəcəm. Ola bilsin, ikinci hissənin əvvəlində qol buraxdıq.
Bu qoldan sonra bəlkə də uşaqlarda gərginlik yarandı. Önəmlisi odur ki, onlar
qələbə hesabını qoruya bildilər. Unutmayaq ki, Sloveniya yığması da güclü
rəqibdir.
- Macarıstan və Slovakiya ilə oyunlarda komandadan narazı qaldığınızı bildirdiniz. Bu müddət ərzində bunun səbəbini araşdıra bilmisinizmi?
-
Səbəblərdən biri uşaqların çox əsəbi olması idi. Digər tərəfdən insan nəyisə həddindən
artıq istəyirsə, bəzən bu əks nəticə də verə bilər. Sonda onu əldə etməyə
çətinlik çəkirsən. Köməkçilərimlə birgə komandanın zəif oyununun səbəblərini
araşdırdıq. Son məşqimizi də bunun əsasında qurduq. İki ötürməli çalışmalara
çox yer verdik.
-Futbolçular arasında böyük ümidlər bəslədiyiniz, amma bunun əksini sizə qaytaranlar necə, oldumu?
-
Futbolçuların yarısı 1997-ci il təvəllüdlülərdir. Bu yaşda belə hallarla
rastlaşmaq mümkündür. Bu gün yaxşı oynayanlardan bir neçəsinin adını qeyd etmək
istəyirəm. Məsələn, mərkəz müdafiəçimiz Yusif Nəbiyev ilk 2 matçda iştirak
etmədi, amma bu gün meydanda idi. Yusif qırmızı vərəqə aldığından ona şans
verdik. O da özünü yaxşı tərəfdən göstərdi, çünki 3 mövqedə rahat oynaya bilir.
Yusif müdafiənin mərkəzində, son cinahında və yarımmüdafiənin solunda çıxış
etmək qabiliyyətinə malikdir. Buna görə "Qəbələ”nin məşqçilərinə təşəkkür
düşür. Çünki bu işlə klublar məşğul olur. Fəhmin Muradbəylini götürək. Sağ
cinah müdafiəçimiz zədələndi və ehtiyatda bu mövqedə çıxış edəcək futbolçumuz
yox idi. O, müdafiənin cinahında özünü göstərə bildi.
- İlkin seçmə mərhələnin oyunları hansı səhvləri aşkarladı və bu səhvlərdə futbolçuların və məşqçilər korpusunun payı nə qədərdir? Elit-raundda nəyə ümid eləmək olar?
-
Elit-raundla bağlı bir söz deyə bilmərəm. Çünki dekabrın 31-də müqaviləm başa
çatır. Şadam ki, futbolun inkişafı üçün bir iş görmüşük.Mükəmməl insan
yoxdur. Hər kəsin səhvləri olur. Biz bütün müzakirələrə açığıq.
- Bəs komandaya bələd olan biri kimi nə deyə bilərsiniz?
-
UEFA-nın saytına nəzər yetirdim və hansı komandaların mərhələ adladığını
gördüm. Almaniya, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Hollandiya kimi güclü
komandalar mübarizəni davam etdirəcəklər. Futbolda isə hər şey mümkündür. Həm
də ən azından futbolçular müəyyən nəticə topladılar. Uğur odur ki,
futbolçularımız bir addım da irəliləyib belə top komandalarla oyunlara çıxacaq
və təcrübələrini artıracaqlar. Turnir müddətində həm meydanda, həm də meydandan
kənarda qarşılaşdığın çətinliklə məşq prosesində heç vaxt rastlaşmırsan. Bu
baxımdan komandamız bunu gördü, yaşadı. Bu futbolçulardan bəziləri 2020-ci ildə
Bakıda keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarında da
iştirak edə bilərlər. Orda təzyiq daha da çox ola bilər. Futbolçular indidən
buna alişirlar.
- İlk dəfədir ki, U-17 və U-19 eyni mövsümdə elit-raunda vəsiqə qazanıb. Bu gələcəyə ümidlə baxmağa əsas verirmi?
- Bu gün sevindirici haldır ki, "Qarabağ” Avropa Liqasının qrup mərhələsində çıxış edir, U-17 ən yaxşı "üçüncülər”dən biri, biz isə ikinci pillənin sahibi kimi elit-raunda yüksəldik. Amma bu, hər şeyin mükəmməl olduğu anlamına gəlməməlidir. Görüləsi işlər çoxdur. Ən əvvəl məşq meydançaları çox olmalıdır. Böyük stadionları demirəm. Təbii ki, Gəncə kimi şəhərdə də yaxşı stadion olmalıdır. Futbol təhsilinə, tibbinə diqqət yetirilməlidir. Bəzən insanlar uğur qazananda özlərini itirirlər, amma belə etməməliyik. Əksinə, oturub nəyin düzgün olmadığını tapmalı və düzəltməliyik. İki komandamız elit-raunda vəsiqə qazansa da, çatışmazlıqları tapmalı, futbolumuzu daim inkişaf etdirməliyik.